Təhsil naziri müəllimlərin savadsızlığından şikayətləndi

Təhsil naziri müəllimlərin savadsızlığından şikayətləndi
  15 Aprel 2014    Oxunub:1147
Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılıb. İmtahanlarda 15030 nəfər iştirak edib, onlardan 1281 nəfər işə qəbul olunub.
Əvvəlki illərdən fərqli olaraq, vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir.

Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

O, təəssüf hissi ilə qeyd edib ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır: "Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaq".

Nazirin sözlərinə görə, yeni atılmış addımlardan biridə məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasıdır.

M.Cabbarov qeyd edib ki, dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir: "Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk".


Teqlər:





Xəbər lenti