Sürücülərə verilən cəzalar dəyişdirilir - Layihə

Sürücülərə verilən cəzalar dəyişdirilir - Layihə
  26 Aprel 2014    Oxunub:999
Azərbaycanda nəqliyyatın idarəsi zamanı zərər çəkən şəxsin sağlamlığına yüngül xəsarət yetirməyə görə yüksək bal tətbiq olunacaq, sərxoş vəziyyətdə avtomobilin idarə olunmasına görə tətbiq olunan bal isə aşağı salınacaq.
Bu xətalara görə tətbiq olunan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması isə ləğv olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinin “Qeyd” hissəsinə 5-ci və 6-cı hissələr əlavə təklif olunur.

Əlavələrə görə, bu məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə həmin xətalar 5 balla qiymətləndiriləcək.

Qeyd edək ki, hazırda 151.5. -ci maddəyə görə (məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) heç bir balla qiymətləndirilmədən iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

152-1.1-ci maddə isə hazırda (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) isə 6 balla qiymətləndirilərək üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Əlavələr layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.


Teqlər:





Xəbər lenti