Niyə axı Suriyada ölməliyik?

Niyə axı Suriyada ölməliyik?
  28 Aprel 2014    Oxunub:1289
Mehman Telmanoğlu

`Döyüşlərdə daha bir azərbaycanlı öldü...` Harada? Suriyada... Bu xəbərdən sonra üzlərdəki ifadələri də oxumağa çalışıram: Axı kimin və ya nəyin uğrunda? Heç müsəlman da müsəlmana qarşı döyüşdə iştirak edər? Görəsən, bu yazıqların beynini kimlər yuyub? Bu kimi sualları gözünün içinə baxdıqlarımın üzündən oxumağa çalışıram.
Dəyərmi belə ölmək? Məncə yox... `Allah rəhmət eləsin` kəlməsini belə, indi bu ölümün müqabilində kimsə ürəkdən söyləmir.

Onlar ancaq özləri özlərini şəhid sayırlar.

Ana Torpaqda dəfn olunmadınsa, kimin və nəyin uğrunda savaşdığını bilmədinsə, cənazəndə əsl döyüşçü adına layiq törən keçirilmədisə, sənə `şəhid` demək olar? Məncə yox, şəhid olmağın bir yolu var - Vətən Yolu! Tərifi çox asandır. Vətəninə göz dikənin, onun bir qarış torpağını tapdağı altında qoymaq istəyənin, şərəfinə-qeyrətinə toxunmaq niyyətində olanın cavabını layiqincə verənə, qanını da məhz buna görə axıdana Şəhid deyilir!

Bəs Suriyada gedib döyüşənə nə tərif verəsən? Axı mənim də, sənin də bir düşməni olan erməni Suriyada savaşmır. O, bu qaynar nöqtədən qaçır. Özü də mənim də sənin də torpağında məskən salır. O torpaqda ki, mən də, sən də onu sabah işğaldan azad etməliyik.

Şəhid haqqında yazı yazmaq çətin deyil. Çünki, O, Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçir... Suriyada həlak olan soydaşın haqqında yazmaq isə çətindir. Özünü yox, yaxınlarını fikirləşırsən və bir söz tapmırsan!

Ağlına gələn isə görkəmli türk yazıçısı və şairi Mithat Camalın bütün zamanlar üçün dediyi bu misra düşür- “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa vətəndir”.


Teqlər:





Xəbər lenti