Bakı metrosu qatarları modernləşdirir - FOTOLAR

Bakı metrosu qatarları modernləşdirir - FOTOLAR
  23 Avqust 2022    Oxunub:1509
"Bakı Metropoliteni" QSC-də daha bir qatarın modernləşdirmə ilə orta təmiri yerinə yetirilib, qatar xəttə buraxılıb. Bu barədə AzVision.az -a qurumdan bildirilib.
Məlumatda qeyd edilir ki, 2014-cü ildən mərhələ ilə təmir həcmi genişləndirilən və 2017-ci ildən yeni inşa olunmuş sexdə aparılan orta və əsaslı təmir işləri metropolitenin vaqon parkında sabitliyin saxlanması və istismar göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.

Xəttə hazırlanan qatar orta təmirə dayandırılarkən tam defektoskopiya müayinəsindən keçirilib və əlavə işlərin həcmi müəyyən olunub. Vaqonlar əvvəlki təmir zamanı korroziyadan təmizlənərək rənglənib. Buna görə yalnız yan hissələrdə təmizləmə və rənglənmə işi aparılıb.

Vaqonaltı hissədə dartı qüvvəsini tənzimləyən relelər və kontaktor blokları yenilənib. Hava sistemini qidalandıran kompressor aqreqatı Almaniya istehsallı daha məhsuldar, müasir analoqları ilə əvəzlənib. Rezervuarlar texniki proseslərin tələbi çərçivəsində təmir edilib.

Modernizasiya çərçivəsində idarəetmə sistemi tamamilə yenilənib. Qatara avtomatik nəzarət sistemi tətbiq olunub. Sistem qatarın ümumi vəziyyəti, habelə vaqonaltı avadanlıqlardan daxil olan siqnalları emal edir və maşinist monitoruna ötürür. Bu yeniliklər innovasiyalar baxımından sonuncu nəsil qatarlarda tətbiq edilir. Bununla maşinistin qatarı rahat idarə etməsinə, vəziyyəti vaxtında və düzgün qiymətləndirməsinə, mümkün nasazlıqları öncədən müəyyənləşdirməsinə və qarşısını almağa kömək edir. Nəticədə, qatarın sərnişindaşıma təhlükəsizliyi dəfələrlə gücləndirilmiş olur.

Yeni sistem nəzarət güzgüləri və marşrut göstəricisinin də avtomatik nizamlama funksiyasını yerinə yetirir. Maşinist kabinasının havalandırma sistemi də yenidən qurulub. Bu, 4-8 saat iş başında olan maşinistin yeraltı yollarda iş yerinin rahatlığına və əmək məhsuldarlığına şərait yaradır.

Təmirin daha bir mərhələsində salon, içıqlanma, oturacaqlar, döşəmə və tavan örtüyü yenilənib. Qapılara yeni nəzarət bloku və İtaliya istehsalı olan pnevmatik intiqallar qoyulub. Yeni nəzarət bloku qapı ilə bağlı bütün siqnalları maşinist monitoruna verir. Bununla sərnişin təhlükəsizliyi daha da optimallaşıb.

Modernizasiya Sankt-Peterburqun “Spetsavtomatika” Mühəndis və İstehsal Mərkəzinin layihələri əsasında yerinə yetirilib. Təmir, sazlama və sınaq işləri zamanı, ehtiyac yarandıqda, layihə müəllifləri ilə audiovizual rabitə qurulur, müzakirələr, fikir və təcrübə mübadiləsi aparılıb.

Sexdə baş vaqonların ön hissələri də dəyişdirilir. Lakin bu qatarda ön hissənin yenilənməsi əvvəlki təmir müddətində yerinə yetirilib. Ön hissə dayanıqlı kompozitdən – Bakı metrosunun geologiyası şəraitində korroziyaya və zərbələrə davamlı materialdandır.

Ümumən, metropoliten sistemində vaqonların 3 fərqli təmir növü var. Bu təmir növləri qatarın vəziyyətindən asılı olmayaraq, normativlərə uyğun mütləq şəkildə həyata keçirilir. Cari təmir 3 növə bölünür. Müxtəlif növ cari təmir işləri il ərzində hələlik 50 vaqonda aparılıb. Qatarlar orta təmirə təxminən 960 min, əsaslı təmirə təxminən 1 milyon 800 min kilometr məsafə qət etdikdən sonra saxlanılır.

Hazırda daha bir qatarda yuxarıda sadalanan modernləşdirmə yeniliklərinin tətbiqi ilə orta təmir işləri başlanıb. İlin sonuna qədər daha bir qatarın orta təmiri və modernizasiyası nəzərdə tutulub.


AzVision.az



Teqlər: Metro  





Xəbər lenti