Sahibkarlara verilən kredit limitləri və şərtləri optimallaşdırıla bilər

Sahibkarlara verilən kredit limitləri və şərtləri optimallaşdırıla bilər
  05 Noyabr 2022    Oxunub:1013
Kənd Təsərrüfatı Nazirliyində qurumun Aqrar Kredit və İnkişaf Agentliyinin sahibkarlara verdiyi kredit limitlərinin və şərtlərinin optimallaşdırılması müzakirə olunub.
AzVision.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumda "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Görüşdə ölkədə meyvə və tərəvəz istehsalının mövcud vəziyyəti, məhsul ixracı, tərəvəz toxumçuluğu, tingçilik, bu sahədə tətbiq olunan innovativ yeniliklər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir İnam Kərimov bildirib ki, son illər aqrar sahənin digər istiqamətləri kimi meyvəçilik və tərəvəzçiliyin də inkişafına dəstək verilir. Yeni intensiv və superintensiv bağlara görə subsidiyaların artırılması, yüksək ixrac potensiallı meyvə bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi və digər stimullaşdırıcı tədbirlər fermer və sahibkarlarda bu sahəyə marağı artırıb. Nəticədə ölkədə hər il salınan müasir bağların sahəsi daha da artır, bu isə məhsul istehsalının artmasını təmin edir. Ölkəmizdə müasir istixanaların qurulması ilboyu tərəvəz yetişdirilməsini təmin etmiş olur. Meyvəçilik və tərəvəzçiliyin inkişafına marağın artmasının digər səbəbi bu sahənin gəlirlilik baxımından müqayisəli üstünlüyə malik olmasıdır.

Assosiasiya üzvləri tərəvəz toxumçuluğunun və tingçiliyin inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqat institutlarının apardığı işi müsbət qiymətləndirib, yerli toxum və ting istehsalının artmasının meyvə və tərəvəz istehsalında maya dəyərinin aşağı salınmasına təsir göstərdiyini vurğulayıblar.

Görüşdə beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi perspektivləri, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti və soyuducu anbarların inşası üçün müvafiq icazələrin verilməsi prosedurlarında sadələşdirmələrin aparılması, məhsul ixracının sertifikatlaşdırılması prosedurunun asanlaşdırılması müzakirə olunub.

AzVision.az



Teqlər: Sahibkar   Kredit  





Xəbər lenti