TAP ilə 18 mlrd kubmetrdən çox Azərbaycan qazı nəql edilib

TAP ilə 18 mlrd kubmetrdən çox Azərbaycan qazı nəql edilib
  19 Noyabr 2022    Oxunub:929
Kommersiya fəaliyyətinə başlayandan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya 18 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib.
AzVision.az -ın məlumatına görə, bu barədə TAP konsorsiumu "Twitter" hesabında bildirilib.

"Daha bir mərhələ! Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib”, - detə məlumatda qeyd olunur.

Bildirilir ki, TAP-ın gücü Avropanın Enerji Təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti