" 31 ildə 8 stansiya... tıxaclarda ömrümüzü çox çürüdəcəyik"

   "   31 ildə 8 stansiya...    tıxaclarda ömrümüzü çox çürüdəcəyik"
  22 Noyabr 2022    Oxunub:993
“Günümüzün 1-2 saatını tıxaclarda keçiririk. Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır. Elə bu məqsədlə stansiyaların tikilmə sürətinə baxıram və dəhşətə gəlirəm”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat paylaşıb. O qeyd edib ki, Bakı metro nəqliyyat vasitəsi qismində ilk dəfə 1967-ci ildə istifadəyə verilib və bu il 55 ili tamam olub: “55 ildə cəmi-cümlətanı 26 metrostansiya istifadəyə verilib. Yəni 2 ildə cəmisi 1 stansiya işə düşüb. Məlumat üçün qeyd edim ki, Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanıb və 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət - "Bakı Soveti", "Sahil", “28 Aprel", "Gənclik" və "Nərimanov" istifadəyə verilib.

1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb. Bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür. Bu o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni hər 5 ildə 2 stansiya. Nəzərə alaq ki, başlanğıc işləri üçün zaman daha çox tələb olunur. Üstəgəl bu işlər həmin dövrün texnikası ilə görülüb”.

Bəs müstəqillik dövründə - qazandığımız pulların hamısının bizə qaldığı, milyardlarda büdcəyə malik olduğumuz və müasir texnikaların olduğu bir dövrdə nə qədər stansiya istifadəyə vermişik? Cavab utandırıcıdır: 31 ildə cəmisi 8 stansiya. Onun da 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni hər 4 ildə 1 stansiya”.

Ekspert vurğulayıb ki, sovet dövründə tikilən metropoliten xətlərinin uzunluğu 25,8 km olduğu halda, müstəqillik dövründə bu göstərici 13 km olub: “Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır. Yəni 73 ilə tikdiyi 38,8 km-lik yolun uzunluğunu və 26 stansiyanın sayını 3 dəfə artırmalıdır. Bu işlər hansı müddətə görülə biləcəyini isə Sizin öhdənizə buraxıram.

Belə getsə, tıxaclarda ömrümüzü çox çürüdəcəyik...”.

AzVision.az


Teqlər:





Xəbər lenti