“Akimovun işi”: 1 milyonluq iddia icraata qəbul edildi

   “Akimovun işi”:    1 milyonluq iddia icraata qəbul edildi
  09 Dekabr 2022    Oxunub:2021
“Azİmport” MMC-nin rəhbərindən külli miqdarda pul tələb etməkdə təqsirləndirilən “Greystone” şirkətinin direktoru Kamal Akimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesinin aparılması üçün 1976-cı ildə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan vətəndaşı Kamal Akimov tərcüməçi ilə təmin edilib.
Akimovun vəkilləri cinayət işinə xitam verilməsi və əlavə istintaqın aparılması barədə vəsatət qaldırıblar. Öz növbəsində, dövlət ittihamçısı müdafiə tərəfinin vəsatətinin təmin edilməməsini və məhkəməyə baxışına verilməsini istəyib.

“Azİmport” MMC-nin zərərçəkmiş rəhbəri Azər Əsgərovun nümayəndəsi Şaiq Mirzəyev məhkəmədən müdafiə tərəfinin vəsatətinin əsassız hesab edilməsini xahiş edib. Bundan sonra Ş.Mirzəyev zərərçəkmişə dəymiş maddi və mənəvi ziyana görə məhkəməyə bir milyon dollarlıq (1 milyon 700 min manatlıq) mülki iddia təqdim edib.

Müşavirədən qayıdan hakimlər heyəti müdafiə tərəfinin vəsatətinin təmin edilməməsi barədə qərar çıxarıb. Belə ki, zərərçəkmiş Azər Əsgərovun mülki iddiası icraata qəbul edilib, cinayət işinin məhkəmə baxışı dekabrın 23-nə təyin edilib.

Qeyd edək ki, A.Akimovla “Azİmport” MMC-nin rəhbəri Azər Əsgərov arasında münasibətlərin uzun sürən məhkəmə çəkişmələri ilə əlamətdar olan tarixçəsi var.

2012-ci ildə “Azİmport” Bayıl qəsəbəsində yeddimərtəbəli evin tikintisinə başlayıb. Tikinti üçün mövcud qanunvericilik əsasında ayrılmış ərazidə Akimova məxsus qeyri-yaşayış sahəsi də sökülüb. Buna görə də o, tikinti işlərini məhkəmə yolu ilə dayandırmağa çalışıb.

Məhkəmə qaydasında məqsədinə nail ola bilməyən Akimov Əsgərova mənəvi-psixoloji təzyiq göstərməyə, təzminat kimi ondan iki milyon dollar tələb etməyə, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə nəinki onun haqqında böhtan xarakterli məlumatlar yayacağı, hətta Şimali Qafqazdan olan quldurları işə qoşmaqla ondan qisas alacağı ilə hədələyib.

Akimovun tikinti zamanı sökülən 128 kvadratmetrlik qeyri-yaşayış sahəsinin bazar dəyəri təxminən 130 min ABŞ dolları təşkil edib ki, bu da onun Əsgərovdan tələb etdiyi kompensasiyanın məbləğindən on beş dəfə azdır.

Şirkəti ölkədə bir sıra irimiqyaslı tikinti layihələri həyata keçirmiş Azər Əsgərov Əməkdar idman ustası, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dünya və Avropa çempionatının qalibidir.


Teqlər: Məhkəmə  





Xəbər lenti