IDEA BMT-də müşahidəçi statusu aldı

IDEA BMT-də müşahidəçi statusu aldı
  23 May 2014    Oxunub:1578
IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi BMT-nin Ətraf Mühit Proqramında (UNEP) akkreditə olunub və bu təşkilat nəzdində müşahidəçi statusu alıb.
Qeyd edək ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılmış UNEP-in məqsədi ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə 6 böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi ilə hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.

Bu təşkilatda müşahidəçi status IDEA-ya UNEP-in hər il keçirilən regional müşavirələrində, eləcə də qurumun sessiyaları zamanı Tamtərkibli komitənin plenar iclaslarında və nazirlər səviyyəsində məsləhətləşmələrdə iştirak etmək, UNEP katibliyi vasitəsilə hökumətlərə məlumatlandırıcı sənəd formasında yazılı hesabatlar göndərmək, UNEP-in müzakirələri zamanı şifahi bəyanatlar vermək və s. səlahiyyətlər verir.

IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətləri barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır. IDEA-nın UNEP ilə əməkdaşlığı nəticəsində 2012-ci il noyabrın 12-dən 16-dək “Yaşıl həftə” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində panel müzakirələr, yerli tələbələrlə görüşlər və TUNZA proqramının təqdimatı olmuşdur. Bu çərçivədə, həmçinin Beynəlxalq Gənclər Forumu keçirilib.

Yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, 2012-ci ilin iyununda keçirilmiş “Rio+20” sammitinin yekunu və daimi əməkdaşlıq haqqında müzakirələr aparılıb.


Teqlər:





Xəbər lenti