Kannda Azərbaycan filmi göstərildi - ilk dəfə

Kannda Azərbaycan filmi göstərildi - ilk dəfə
  24 May 2014    Oxunub:1221
May ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş Azərbaycan pavilyonu fəaliyyət göstərir.

Milli filmlərimizin nümayiş olunduğu pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və xarici kino adamları ilə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.

Mayın 23-də Festivallar sarayının Debüssi zalında, Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramına daxil olub, dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası və "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filminin nümayişi olub.

Ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr" müsabiqə proqramının beş filmi bu gün nümayiş etdirilib və Azərbaycan filmi sonda - beşinci film olaraq tamaşaçılara təqdim olunub. Filmlər arasında izləyicilərin ən çox alqışlarını da məhz "Sonuncu" filmi qazanıb.

Nümayişdən sonra filmlərin rejissorları səhnəyə dəvət olunub, dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami başda olmaqla münsiflər heyəti tamaşaçılara təqdim edilib.

"Sonuncu" filmi hazırda Festivallar sarayının Debüssi zalında yenidən nümayiş olunur.
Müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış mərasimində məlum olacaq.

Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri S.Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya İvanova, Nəsib Priyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov kimi aktyorlar çəkiliblər.


Teqlər:





Xəbər lenti