Bu yay dəhşətli isti olacaq
Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, Azərbaycanda hazırki hava şəraiti 60-70-ci illəri xatırladır. Ekoloqun fikrincə təxminən 50 il bundan öncə iqlim şəraiti bu günki kimi keçirdi:
"60-70-ci illərin yay aylarında kəskin istilər başlamışdı. Dəhşətli isti ilə yanaşı havaların bürkü keçməsi də insanlara çətinlik yaradırdı. Bu il də o dövrdə olduğu kimi havalar çox isti keçəcək. Ehtimal olunur ki, bəzi günlərdə isti küləklərin sürəti artaraq dənizlərdə iri dalğalar yaradacaq. Bu amil isə çimərlik mövsümü üçün əlverişsiz ola bilər. Ancaq isti havaların keçməsinə baxmayaraq insanlar yaxşı istirahət edə biləcək, günəş şüaları qəbul edəcəklər".
Mütəxəssis qeyd edir ki, havaların bu cür anomal keçməsi iqlim dəyişiklikləri ilə bağlıdır:
"Xarici ölkələrdə qlobal istiləşmə terminindən istifadə edilir. Ancaq bu havaların istiləşməsi iqlim dəyişmələri ilə bağlıdır. Bu iqlim dəyişmələri təxminən 50-60 ildən bir olur. Günəşdəki proseslərə görə, ola bilərki 50 ildən bir soyuma və ya qızma prosesi getsin. Azərbaycan yerləşdiyi ərazi üzrə günəşdəki dəyişikliklərə 50-60 ildən bir məruz qalır. Yəniki bizdə iqlim dəyişikliyi 50-60 ildən bir olur".
Avropadakı havaların anomal keçməsi və təbii hadisələrə də şərh verən mütəxəssis qeyd edir ki, bunun əsas səbəbi Sakit okeanda olan “Elniniyo” adlı isti hava cərəyanının oyanmasıdır: "Bu isti cərəyan yağıntılara, sel və daşqınlara səbəb olacaq. Artıq müşahidə edirsiniz ki, Qərbi Avropada sel və daşqınların başlayıb. Bu, cərəyanın mənfi fəsadlarına əyani sübutdur" (ans-press).