Bu gün Respublika Günüdür

Bu gün Respublika Günüdür
  28 May 2014    Oxunub:1623
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur. Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də düşüb.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.

Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.


Teqlər:





Xəbər lenti