“Avropa Evi” üçün yeni bünövrə - Şərh

   “Avropa Evi” üçün yeni bünövrə -    Şərh
  05 İyun 2023    Oxunub:3047
“Vətənimiz Avropa, yoxsa vətənlərimizin Avropası?” Almaniyanın keçmiş kansleri Helmut Kol və Fransanın keçmiş prezidenti Fransua Mitterana məxsus olan bu yanaşma son 50 ildə Qərbi Avropa üçün sərt dilemmaya çevrilib. Əslində bu yanaşmaların kökündə İkinci Dünya Müharibəsinin nəticələri dayanır. Qərbi Avropa uzun müddət müharibə xofundan qurtula bilmirdi. Şərqi Avropanın Sovet İttifaqının nəzarətində olması qitənin siyasi bütövlüyünü mümkünsüz edirdi.

ATƏT, Avropa İttifaqı, Qərbi Avropanın yarısını əhatə edən NATO, hətta Şengen razılaşması belə bütöv Avropa fikrini ifadə etmirdi. 1918-ci ildə Cənubi Qafqaza, yəni Avropanın coğrafi sərhədlərinə qədər yayılmaq Qərbin laqeydliyi və ikili standartları səbəbindən baş tutmadı. Məsələn, İtaliya ancaq 1920-ci ilin aprelin sonunda - bütün Cənubi Qafqaz sovetlər tərəfindən işğal ediləndə Azərbaycan Xalq Cümhuriyyətinin qəyyumu təyin olundu. 1991-ci ildə Sovet İttifaqının çökməsi belə 1918-ci ildəki konsepsiyanın həyata keçməsini təmin edə bilmədi.

Bu gün Avropa yenə də böhran yaşayır. Rusiya-Ukrayna müharibəsi Şərqi Avropanın bəzi ölkələri ilə Qərbi Avropa arasında fikir ayrılığına gətirib çıxarır. Belə vəziyyətdə yeni platformaya ehtiyac yaranır. Ötən ilin oktyabrında Avropanın bütün dövlət və hökumət rəhbərləri Çexiyanın paytaxtı Praqada yeni platformanın ilk sammitində iştirak edirlər. Avropa Siyasi Birliyinin 1 iyun 2023-cü ildə keçirilən Moldova Sammiti Avropa üçün ötən 50 ilin ən böyük sualının cavabının tapıması üzrə yeni mərhələnin başlanğıcı hesab olunmalıdır. Qitənin 47 dövlət və hökümət başçısının iştirak etdiyi Sammit sanki Qərbi Avropa liderlərinin öz sələflərinin səhvlərini düzəltmək, yeni reallıqlar fonunda 100 illik missiyanı qətiyyətli şəkildə yerinə yetirmək missiyasını daşıyırdı.


Cənubi Qafqazın vahid Avropa Evinin qurulmasına, yaxud əzəli Avropa evinin bərpasına cəlb edilməsində Azərbaycan faktoru vacib rol oynayır. Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında imzalanan enerji təhcizatı ilə bağlı saziş, eləcə də Bolqarıstan-Yunanıstan interkonnektoru, “yaşıl enerji” ixracı ilə bağlı saziş, Orta Dəhliz konsepsiyasının reallığa çevrilməsi əslində Avropa Evinin qurulması istiqamətində atılmış addımlardır. Azərbaycan prezidenti İlham Əliyevin Moldovada keçirilən Avropa Siyasi Birliyinin II Sammitində iştirakı yeni Avropa platforması üçün böyük əhəmiyyət daşıyır. Çünki Sammitin üç əsas hədəfi - enerji, nəqliyyat və təhlükəsizlik məsələləri Azərbaycan Prezidentinin strategiyasının əsasını təşkil edir.

Prezident İlham Əliyevin 2022-ci ilin 2 sentyabr tarixində İtaliyanın “Ambrosetti” Beyin Mərkəzində keçirilən nüfuzlu Forumdakı çıxışı yeni siyasi reallıqlar fonunda Avropanın enerji təhlükəsizliyi üçün konkret hədəflər müəyyən edirdi. Bu hədəflər təhlükəsiz Avropa strategiyası ilə bağlı idi. Prezident İlham Əliyev demişdi: “Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində etibarlı təchizatçıya çevrilib. Mövcud potensialı və qaz strukturuna sərmayə yatırmaq planımızı nəzərə alsaq, bizim böyük qaz kəmərinin inşasına ehtiyacımız var idi. Bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi İtaliyaya qədər uzanır”.


Prezident İlham Əliyev bu ilin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazın yeni təhlükəsizlik xəritəsini təqdim etdi. Avropa hər şeydən öncə təhlükəsizlik məkanı olmalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Avropanın şərq sərhədlərində əmin-amanlığın təmin edilməsi, enerji və loqistika layihələrinin inkişafı üçün əlverişli zəmin deməkdir.

Beləliklə, Şimal-Qərbi Avropadan Cənubi Qafqaza, daha dəqiq desək, Reykyavikdən Bakıya qədər yeni Avropa platforması formalaşır. Əslində həqiqi Avropa Birinci Dünya Müharibəsi sona çatdıqdan sonra belə olmalı idi. 100 ildən artıq bir zaman kəsiyində baş verən kataklimzlər, müharibələr, siyasi və iqtisadi böhran Qərbi Avropanı düşünməyə vadar etdi. Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə vahid Avropa Evinin qurulması istiqamətində ilk siqnal idi. Rusiya-Ukrayna müharibəsi sözdən əmələ keçidi şərtləndirdi. Nəhayət, bu günün reallığı - Azərbaycan Prezidenti İlham Əliyevin enerji və təhlükəsizlik strategiyası əzəli Avropa evinin bərpasında, 100 ildən artıq bir zaman kəsiyini əhatə edən gecikmiş ali missiyanın həyata keçməsində təməl rolunu oynayır.


Kamran Qasımov
Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü


Teqlər: Avropa  





Xəbər lenti