Nazir: "Pandemiya və Vətən müharibəsi tibb işçilərimiz üçün sınaq oldu"

   Nazir:    "Pandemiya və Vətən müharibəsi tibb işçilərimiz üçün sınaq oldu"
  17 İyun 2023    Oxunub:1329
“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir".
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 105 illik dövrdə Azərbaycan səhiyyəsi çətinliklərlə dolu şərəfli yol keçib:
"Son 3 ildə koronavirus pandemiyası və Vətən müharibəsi Azərbaycan tibb işçiləri üçün sınaq oldu. Səhiyyəmizin fövqəladə hallara hazır olduqlarını sübut etdilər və bu mübarizədən üzüağ çıxdılar. 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif bədən xəsarətləri alıb. 11 həkim, 7 feldşer olmaqla 44 tibb işçisi qəhrəmancasına həlak olub".

Nazir qeyd edib ki, dünyadakı Azərbaycanlı Təbiblərin Simpozimunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir.
"Simpoziumun Respublikamızda və ondan kənarda çalışan tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə, tibbin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə, həmvətənilərimiz arasında həmrəylik mühitinin inkişafına töhfələr verəcəyinə əminəm”.

Aytən Zəhra
AzVision.az



Teqlər: SəhiyyəNaziri  





Xəbər lenti