Tənəzzüldən intibaha: Polad magistralımız necə "bərkidi"?

      Tənəzzüldən intibaha:    Polad magistralımız necə    "bərkidi"?
  17 İyun 2023    Oxunub:1535
Nadir idarəçilik istedadı olan Heydər Əliyev ötən əsrin 70–80–ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi nəqliyyat və yol tikintisində də genişmiqyaslı quruculuq işləri həyata keçirirdi. Bu amil banisi olduğu müasir Azərbaycanın hazırkı tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb etdi. Onun işləyib hazırladığı Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında nəqliyyat, yol tikintisi sektorunun genişləndirilməsi və möhkəmləndirilməsi xüsusi yer tuturdu.
Ümumilli Lider nəqliyyatın əhəmiyyətini anlayır, nəinki Bakıda, bölgələrdə də yeni dəmir yolu xətlərinin tikintisinə nail olurdu.

Təsadüfi deyil ki, Heydər Əliyevin elmi əsaslara söykənən prinsipial idarəçiliyi nəticəsində hələ SSRİ dönəmində respublika dəmir yolunda yük və sərnişin dövriyyələrinin həcmi xeyli artmışdı. 70-ci illərdə dahi liderin tövsiyəsi ilə Yevlax–Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası ( Balakən, Zaqatala, Qax, Şəki, Xanabad ) istifadəyə verildi. Elə həmin dövrdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olundu.


1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olub. İmperiya dönəmində ölkəmizdə dəmir yolları şəbəkəsinin genişləndirilməsinə nail olan Ümummilli Lider müstəqillik illərində də bu sahəyə eyni qayğı ilə yanaşdı.

Azərbaycan dəmir yolu tranzit yol kimi beynəlxalq nəqliyyat dəhlizlərinə qatıldı

Sirr deyil ki, SSRİ dağılandan sonra 1993-cü ilə qədər müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanı Heydər Əliyev dühası xilas etdi. Onun yenidən ölkəyə rəhbərlik etməsi ilə iqtisadi durğunluq aradan qaldırıldı, sabitlik və inkişaf prosesləri başladı. Bu inkişaf təbii ki, dəmir yollarına da sirayət etdi.

1996-cı il isə polad magistralın tarixində dönüş ili oldu. Məhz həmin dövrdən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Əsas daşıma dəhlizi isə TRASEKA hesab edilirdi. Bu, Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə-red.) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edirdi. Əslində isə nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi, Azərbaycanın dəhlizlərin qovşağı kimi də diqqət mərkəzinə düşməsi 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə başlanmışdı. Təbii ki, bu tarixi hadisə də dahi şəxsiyyətin adı ilə bağlıdır.

Dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub
Ümummilli Lider həmin illərdə dəmir yolunda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirirdi. 18-19 iyul 1996-cı ildə Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və bu sahədə olan neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü.

Ulu öndər dəmir yolu nəqliyyatına diqqət və qayğını artırır, ümumilikdə nəqliyyat sistemimiz tənəzzüldən xilas edilirdi. Müstəqillik qazanmamışdan öncə vaqonlar Azərbaycandan kənarda təmir olunurdusa, 1997-ci ildə ilk dəfə olaraq Bakı Vaqon Deposunda bu işlərə başlanıldı. 1998-ci ilin yanvarın 4-də isə Ulu Öndər Dübəndi terminalı və stansiyasının açılış mərasimini keçirdi. O çıxışı zamanı diqqət çəkən fikirlər də səsləndirdi: “Dəmir yolu iqtisadiyyatımızın böyük bir hissəsidir. Azərbaycanın dəmir yollunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq dəmir yolunda da çox şey dağıdılıb, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi bu sahədə inkişafı hiss edirəm”.

Xidmət səviyyəsi yüksəlir, beynəlxalq sərnişin qatarları bərpa olunurdu

Bir maraqlı məqamı da xatırlatmaq yerinə düşər ki, məhz dahi şəxsiyyətin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin mayından Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edilmişdi. Hətta həmin ilin 4 dekabr tarixində Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı da xəttə buraxıldı. Bundan sonra mərhələlərlə Kiyev, Brest, Xarkov, Həştərxan, Yekaterinburq, Sankt-Peterburq, Tümen, Novosibirsk, Voronej və digər xeyli xarici şəhərlərə yol alan qoşma və sərnişin qatarları hərəkətə gətirildi.

Azərbaycan daxilində relslərlə hərəkət edən nəqliyyat vasitələrinin firma qatarları ilə yenilənərək xəttə buraxılması da bu sahədə xidmət səviyyəsini xeyli yüksəltdi. 1999-cu ildə Bakı-Gəncə istiqamətində “Ekspress” tipli qatarların sərnişinlərin istismarına verilməsi və 3 iyun 2002-ci ildə Belarusla əldə olunan razılaşmaya əsasən Bakı-Brest sərnişin qatarının xəttə buraxılması kimi xeyli yadda qalan hadisələri xatırlamaq olar.

Bir sözlə, əvvəllər yarıtmaz hakimiyyətin səbatsızlığı ucbatından iflic olmuş bu nəqliyyat sahəsi artıq dirçəlməyə başlayırdı.

1998-ci il də nəqliyyatla yanaşı, dəmir yolunun da tarixinə düşdü. Çünki Bakıda Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi ki, bu da məhz Ulu Öndərin təşəbbüsü ilə reallaşdı. Konfransda qəbul edilən Bakı Bəyannaməsində beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıqla yanaşı, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də öz əksini tapmışdı. Təbii ki qədim İpək Yolu layihəsi, bu tranzitin bərpası nəinki nəqliyyatın, dəmir yollarının inkişafını, ümumilikdə Azərbaycanın geostrateji əhəmiyyətini xeyli artırmış oldu.

Ölkənin nəqliyyat sistemini və onun tərkib hissə kimi dəmir yollarını yenidən quran Heydər Əliyev uzaqgörənliyi həqiqətən də heyrət doğurur. O öz idarəçilik təcrübəsindən gözəl anlayırdı ki, Azərbaycanın gələcək iqtisadi potensialı, qüdrəti ölkənin malik olduğu nəqliyyat kommunikasiyalarından inkişaf səviyyəsindən asılı olacaq. Bu mənada hazırda uzun illər öncə çoxşaxəli nəqliyyat - yol kompleksinin, dəmir yollarında infrastrukturun yenilənməsi, müasirləşdirilməsinin bəhrəsini bu gün də görürük desək yanılmarıq.

"Bakı-Tbilisi-Qars" , "Şimal-Cənub" dan sonra tarixi Zəngəzur dəhlizi reallaşacaq


Bu gün Ulu Öndərin təməlini qoyduğu inkişaf konsepsiyasının, polad magistralın genişlənərək daha da modernləşdirilməsi kimi islahatların layiqli şəkildə davam etdirilməsi təqdir edilməlidir. Ölkəmizin mühüm beynəlxalq layihələrə qoşulur, "Bakı-Tbilisi-Qars"dan sonra "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizinin reallaşması prosesində aktiv iştirak edir.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulmuşdu. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ötən ay bu mövzuya toxunan Prezident İlham Əliyev də xüsusi olaraq vurğulamışdı ki, "Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır".

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini deyən dövlət başçısı bildirib: “Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”.

Bəli, qarşıda bizi daha böyük planlar, layihələr nəqliyyatla bağlı tarixi hadisələr gözləyir. Çünki 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şərqi Zəngəzur regionundan da yeni, beynəlxalq əhəmiyyətli dəhlizin inkişaf etdirilməsi perspektivləri yaranıb. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın nəqliyyat imkanları daha da genişlənəcək. Bu isə təkcə bizim üçün deyil, bütün region dövlətlərinə yeni fürsətlər yaradacaq.

Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, işğaldan azad olunan ərazilərdəki nəqliyyat sektorunda da yeni irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı da dəyişir, genişlənir, surətli qatarlardan tutmuş infrastrukturun daim yenilənməsi, kadrların yetişdirilməsinə qədər hər bir iş uğurla davam etdirilir.

Beləliklə, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nəqliyyat strategiyasının, xüsusən də dəmir yolunun timsalında aparılan araşdırmalar deməyə əsas verir ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndərin bu arzusu da çin olmaqdadır.

Tural Tağıyev
Yazı Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
AzVision.az



Teqlər:   Dəmir-Yolu   Heydər-Əliyev   İnkişaf   Zəngəzur   İlham-Əliyev  





Xəbər lenti