“Şimal-Cənub” dəhlizi üç yolun ayrıcında – Qazaxıstandan baxış

   “Şimal-Cənub” dəhlizi üç yolun ayrıcında –    Qazaxıstandan baxış
  14 İyul 2023    Oxunub:5639
Maqbat Spanov
İnnovativ İqtisadiyyat İnstitutunun eksperti, KazNU-nun professoru, iqtisad elmləri doktoru (Qazaxıstan)
Xüsusi olaraq AzVision.az üçün

Qərblə Rusiya arasında qarşıdurmanın güclənməsi logistika və infrastruktur sahələrində də ciddi dəyişikliklərə gətirib çıxarır. Bu gün biz artıq nisbətən yeni marşrutu nəzərdən keçiririk – bu, "Şimal-Cənub" xəttidir. Sankt-Peterburqdan İrana, oradan da dünya bazarlarına gedən bu yolun üç istiqaməti var: Transxəzər, Şərq və Qərb.
Məncə, bunların ən perspektivlisi, yəqin ki, Qərb marşrutudur. O, böyük investisiyalar, vaxt və müxtəlif ölkələrin iştirakı ilə müəyyən infrastrukturın yaradılmasını tələb edir.
Transxəzər marşrutunun Rusiya üçün ən sərfəli olduğu aydındır, çünki müxtəlif ölkələrdən gələn yüklər Həştərxandan birbaşa İrana gedəcək ki, bu da onlar üçün çox vacibdir.
Şərq marşrutu Qazaxıstan üçün vacibdir. Qazaxıstan hələ 2000-ci illərdə “İpək Yolu”nun bir hissəsi olaraq təkcə dəmir yolu xəttinin deyil, həm də dünya bazarlarına neft göndərilməsi üçün İrana və daha sonra Fars körfəzinə kəmərin çəkilməsini nəzərdə tuturdu. Amma anti-İran sanksiyaları nəticəsində həmin planlar təəssüf ki, həyata keçmədi. O, Xəzər Boru Kəməri Konsorsiumu və ya Azərbaycan üzərindən neft tədarükü ilə müqayisədə ən ucuz marşrut idi. Yeri gəlmişkən, o vaxt Qazaxıstanın “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinə qoşulması variantı da nəzərdən keçirilirdi.


Əgər əməkdaşlıq və qarşılıqlı fəaliyyət baxımından “Şimal-Cənub” dəhlizinin üç marşrutundan konkret birini götürsək, o zaman Şərq qoluna daha çox ölkə cəlb olunacaq. Bu, Qazaxıstan və layihədə iştirak edən ölkələr üçün sərfəlidir. Burada ən əsası odur ki, bütün infrastruktur artıq hazırdır. Sonuncu filial, səhv etmirəmsə, iki il əvvəl tikilib. Türkmənistan və Qazaxıstan arasında sonuncu keçid artıq yaradılıb.
Azərbaycandan daşınan yüklərin həcmi açıqlandı

Ancaq aydındır ki, logistika quran ölkənin həmişə ehtiyat variantı olmalıdır. Azərbaycan Transxəzər marşrutunda maraqlıdır, ona görə ki, Xəzərdə tikiləcək logistika mərkəzlərinə bu və ya digər məhsulu tədarük və ya qəbul edə bilər. Qərb marşrutunu həyata keçirəcək ölkələrin bəzi sahələri inkişaf etdirmək üçün maliyyə imkanlarında müəyyən çatışmazlıqlar var. Bu, əlavə vaxt və investisiya deməkdir.

Əgər nəqliyyat növündən danışsaq, dəmir yolu daha sərfəli və etibarlıdır. Yüklər Rusiya ərazisindən dəmir yolu ilə daşınır. Əlbəttə, bu, daşınan məhsulların növündən də asılı olacaq. Bu baxımdan, yeni logistik marşrutla bağlı şəbəkə inkişaf edəcək.

Xəttin Qazaxıstan və Türkmənistandan keçən hissəsinin bu yaxınlarda tikildiyini nəzərə alsaq, artıq bizim İrana birbaşa çıxışımız var. Bu baxımdan, Qazaxıstan hazır variantdır. Azərbaycana gəldikdə isə, onunla İranın arasında yolların çəkilməsi lazımdır. Bu isə geosiyasi vəziyyətdən doğan münasibətlərdən asılıdır.

Transxəzər marşrutundan söz düşmüşkən, Rusiyanın Xəzər sahillərində tikilmiş limanları hələ ki, müəyyən yükləri qəbul etməyə tam hazır deyil. Bu yəqin ki, Qazaxıstan və Azərbaycan üçün faydalıdır, çünki bizim liman sistemlərimiz prinsipcə daha hazır vəziyyətdədirlər. Qazaxıstanda Kurık və Bautino artıq son icra mərhələsindədirlər. Azərbaycanın limanları da neft, qaz və digər növ məhsulların nəqli üçün hazırdırlar. Ona görə də, istənilən halda ən çox mal axınının hansı ölkələr vasitəsilə keçəcəyinə qərar vermək üçün vaxt lazımdır.



Teqlər: Logistika   Şimal-cənub  





Xəbər lenti