Dünya azərbaycanlıları Qarabağ ermənilərinə yardım göndərə bilər - Mübariz Əhmədoğlu

   Dünya azərbaycanlıları Qarabağ ermənilərinə yardım göndərə bilər -    Mübariz Əhmədoğlu
  18 İyul 2023    Oxunub:1895
Diasporun Ermənistana və Qarabağ ermənilərinə yardımının mənbəyi həmişə oğurluq və korrupsiya olub. Spitak zəlzələsindən sonra dağılmış regionu bərpa etməyə lazım olandan 2-3 dəfə artıq vəsait Ermənistana göndərilmiş, amma 4-5 binadan başqa heç nə tikilməmişdi.
Qarabağa humanitar yardım mövzusu Paşinyan hakimiyyətə gəldikdən sonra daha da siyasiləşdi və korrupsiyalaşdı. İndi də diaspor ermənilərinin Paşinyandan üz çevirməsinin əsas səbəbi 44 günlük müharibə dövründə Qarabağa göndərilən 170 milyon dollarlıq yardımın taleyindən heç bir xəbərin olmamasıdır.

Rəsmi məlumatlara görə, o yardımlardan 8 milyon dollarlıq məhsul indinin özündə də Ermənistandakı anbarlarda “yatır”. Paşinyan 2,5 il ərzində bu məhsulların Qarabağa getməsinə icazə vermədi. “Hayastan” fondunu korrupsiyada ittiham etdi. Fondun pulunu oğurlayıb qumarda uduzduğu üçün direktorunu həbs etdirdi.

“Hayastan” fondunun pulu dövlət büdcəsinə keçirilib, müəyyən bir qismi Paşinyanın şəxsi maraqları üçün xərclənib. Bütün bunlardan sonra Paşinyanın və onun komandasının Qarabağa yardım mövzusuna indiki yanaşmaları erməni riyakarlığının tipik nümunəsidir.

Diaspor ermənilərinin “Qarabağa yardım” adı ilə siyasi kampaniyalara qoşulmaları təəssüf doğurur. Beynəlxalq ictimaiyyətin bu mövzunu dərindən öyrənməsi çox vacibdir. Qarabağ ermənilərinə humanitar yardımların Paşinyan tərəfindən oğurlanmasının qarşısını almağın ən yaxşı yolu Azərbaycanın təklif etdiyi Ağdam yolundan istifadə olunmasıdır. Zəngilan, Füzuli aeroportlarından da istifadə etməklə, Qarabağa humanitar yardımlar göndərmək olar.

İlk addım kimi Türkiyə erməniləri Ağdam vasitəsilə Qarabağa yardım göndərə bilərlər. Türkiyə erməniləri müəyyən qədər fərqli düşüncəyə malik imkanlı şəxslərdir. Türkiyə dövləti tərəfindən də himayə olunurlar. Onlar üçün Qarabağa yardım göndərmək çətin olmayacaq. Türkiyənin müvafiq strukturları hətta onlara bu məsələdə yardım da edə bilər.

Azərbaycan diasporu da Qarabağ ermənilərinə yardım göstərə bilər. Diaspor komitəsi, ümumilikdə Azərbaycan hökuməti bu mövzuda hərtərəfli iştirakını nəzərdən keçirməlidir. Dünya azərbaycanlılarının göndərdiyi humanitar yardımı Qarabağ ermənilərinə coğrafi baxımdan ən yaxın ərazidə yerləşdirmək də mümkündür. Onlar lazım olan məhsulları oradan götürə, yaxud ala bilərlər.

Diaspor azərbaycanlılarının ən böyük işi yaşadıqları ölkənin hökumətinə Qarabağa Ermənistan vasitəsilə gələn yardımların taleyi barədə məlumat vermək olmalıdır. Onlar yaşadıqları ölkənin hökuməti vasitəsilə oradakı erməniləri də Qarabağ ermənilərinə Azərbaycan ərazisi vasitəsilə yardım göndərməyə təşviq edə bilərlər.

Paşinyanın oğru, korrupsioner komandası dünya ermənilərinin pulunu mənimsəmək istəyir. Qarabağdakı guya 120 min, reallıqda isə 25-30 min erməninin ölməsi-qalması isə onlar üçün elə də maraqlı deyil.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti