Türkiyənin ilk çəkindirmə silahı: "Tayfun"

// Qardaş ölkə artıq ballistik silah sənayesinin liderləri arasındadır

   Türkiyənin ilk çəkindirmə silahı:    "Tayfun"
  18 İyul 2023    Oxunub:5071
Mayın 23-də saat 06.44-də Türkiyə ən uzaqmənzilli raketi olan "Tayfun"un ikinci sınaq atışlarını uğurla həyata keçirdi. 1990-cı illərdən bəri taktiki ballistik raketlərə malik olmağa can atan Türkiyə Silahlı Qüvvələri nəhayət, istəyinə çatmaq üzrədir. "Tayfun" raketinin qısa müddətdə silahlanmaya qəbulu gözlənilir.
Sınaqdan öncə Rize-Artvin hava limanı ətrafında görülən geniş təhlükəsizlik tədbirləri atışların bu ərazidə yerinə yetirildiyini ehtimal etməyə əsas verirdi. Raketin hara atılmasını isə ehtimal etmək mümkün deyil. "Tayfun" raketi yeni silah olduğundan və sınaqları hələ davam etdiyindən, texniki xüsusiyyətləri tam açıqlanmır.


Taktiki Ballistik Raketlərin atəş məsafəsi adətən 300 kilometrə qədər olur. 300-1000 kilometri vuranlar qısamənzilli ballistik baketlər sinfinə aiddir. Atəş məsafəsi 1000-3000 km arasında olan raketlər yaxınmənzilli, 3000-5000 km olanlar uzaqmənzilli, 5000 km-dən çox olanlar isə qitələrarası ballistik raketlər sayılır. Sınaqları keçirilən "Tayfun" Türkiyənin ilk qısamənzilli ballistik raketidir.

Atmosferə daxil olduqdan sonra əldə etdiyi yüksək sürətə görə ballistik raketlərin məhv edilməsi çox çətindir. Bu səbəbdən onlar buraxılışdan az sonra, havaya qalxmazdan əvvəl məhv edilməlidir. Bunun üçün məhdud sayda anti-ballistik raketlər mövcuddur, lakin onların qiymətləri çox yüksəkdir. Onların kosmosda məhv edilməsi üçün çox mürəkkəb sensor şəbəkəsi tələb olunur. Ballistik raket əleyhinə texnologiyaya çox az sayda ölkə malikdir.


ROKETSAN şirkəti "Atmaca", "Yıldırım", "Bora", TRLG, "Kasırğa" kimi raketlərin, LAÇIN tuşlama dəstinin, MAM-T və SUNGUR sursatlarının, AKYA və ORKA ilk milli torpedosunun, lazerlə idarə olunan METE mini raketinin, LEVENT hava hücumundan müdafiə kompleksinin, eləcə də digər sursat və silah sistemlərinin istehsalını, təkmilləşdirilməsini həyata keçirir. Yaxın perspektivdə şirkətin daha uzaqmənzilli silah sistemləri hazırlayacağını ehtimal etmək mümkündür. Şirkət raketlərinin atəş məsafəsini artırmaq üçün səylərini uğurla davam etdirir. "Tayfun" raketindən on gün əvvəl təqdim olunan "Cenk" raketi daha böyük ölçüləri və ön tərəfində kiçik qanadlarının olması ilə fərqlənirdi.

"Tayfun" ballistik raketinin sınaq atışının görüntülərində kompleksin atıcı konteynerlərinin 8x8 təkər formuluna malik "Bozat" nəqliyyat-yükləyici və buraxıcı maşını üzərində yerləşdirildiyi məlum olub.


"Tayfun" raketinin silahlanmaya qəbulu Türkiyə Silahlı Qüvvələrinin əhəmiyyətli bir çəkindirmə qabiliyyətinə malik olmasına şərait yaradacaq. Ballistik raketlər bir və ya bir neçə kimyəvi, bioloji, nüvə, yaxud yüksək partlayıcı qüvvəyə malik konvensional döyüş başlıqlarını daşıya və müxtəlif hədəflərə yönəldə bilən raket kompleksləridir. Döyüş başlığı, mühərrik, yanacaq çəni, tuşlama sistemi, eleronlar (qanadlar) və s. kimi elementlərdən ibarət ballistik raketlərin yalnız döyüş başlıqları hədəf bölgəsinə çatır.

Kompleksin xüsusiyyətləri

  • 7 gün /24 saat bütün hava və ərazi şəraitində istifadə imkanı;
  • Qısa müddətə atəşə hazır olmaq;
  • Dəqiq atəş bacarığı;
  • Aşağı mənfi təsirlər;
  • Nəqliyyat üzərində daşınması, saxlanması və istifadəsi.

Nəticə

Türkiyə son illərdə müdafiə sənayesinin ən mürəkkəb sahələrindən olan ballistik raket istehsalında ciddi addımlar atmaqda davam edir. Cəmi 20 il əvvəl 1 km atəş məsafəsinə malik adı atıcı silah-sursatı idxal edən Türkiyə bu gün 600 km.-ə uça bilən ballistik raketlərini və pilotsuz qırıcılarını sınaqdan keçirir. Bu tip vasitələrin seriya istehsalı Türkiyənin qlobal müdafiə sənayesinin liderləri sırasına daxil olmasını təmin edib. Bu, onun müttəfiqləri, xüsusilə də Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

Türkiyənin ballistik raketlər istehsalına keçməsi yerli şirkətlərin əldə etdikləri nailiyyətlər ilə kifayətlənmədiyini, daim daha üstün texnologiyaya sahiblənmək üçün böyük resurslar sərf etdiyini göstərir. Nəticədə bu raketlər TSQ-nin ehtimal olunan rəqibləri, xüsusilə də Yunanıstan üzərində əhəmiyyətli üstünlk qazanmasına, öz xeyrinə olan balansı daha da artırmağa və qüvvələr nisbəti arasında uçurum yaratmağa imkan verir.

İstənilən halda Türkiyə müdafiə sənayesinin böyük uğurları aşkardır və bu faktor Ankaranın rəqiblərini onunla hesablaşmağa vadar edir. Bu isə Azərbaycan başda olmaqla bütün Türk dünyasını sevindirir.
XXI əsr Türk əsridir, Turan əsridir, Türk millətinin inkişaf əsridir!

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Hərb   Silah   Türkiyə   Tayfun  





Xəbər lenti