Özümüzü Qalib Xalq kimi aparaq! - Ədalət Verdiyevin yazısı

      Özümüzü Qalib Xalq kimi aparaq!    -  Ədalət Verdiyevin yazısı
  05 Avqust 2023    Oxunub:5120
Ən zəif anladığımız mövzularda belə bəzilərinin özünü üstün zəkaya malik insanlar kimi təqdim edə biləcəyi yer sosial şəbəkədir. Burada konkret mövzuya aid bir dəfə də olsun iki cümləni ardıcıl səsləndirməyən kəs bir anın içində filosofa, alimə, hərbçiyə, müəllimə, mühəndisə, siyasi texnoloqa, iqtisadçıya, həkimə, aqronoma və ya baytara cevrilə bilir. Üzbəüz və ya telefonla müzakirə zamanı isə bu “beyin fırtınası” yoxa çıxır.
Bütün bunlar qismən başadüşüləndir. Dünyada indiyə qədər heç kim bir dəfə də olsun, ağılının azlığından şikayət etməyib. Amma “müzakirə” kimisə aşağılamağa, zəif göstərməyə və ya sadəcə vaxtını almağa hesablanırsa, bunun bir əlacı var: BLOK!

Bu fikir “yatmış hüceyrə”lərə, yəni aylarla rəy yazmadan fürsət gözləyən və ya hansısa kontekstdən çıxarılmış cümləyə "dərin təhlillər" həsr edənlərə də aiddir.

Odur ki, təklif edirəm, düşmənə əks təsir məsələsində güc və potensialımızı "bar gətirən ağaclara" daş (söz) atmaq əvəzinə, su verməyə həsr edək ki, zamanı çatanda meyvəsindən yararlanaq. Bu gün gedən proseslərin çoxu, o cümlədən, Zəngəzur dəhlizi 3-5 gün sonra deyil, 21-ci əsrin ikinci yarısında "bar" verəcək və onun faydasını bütün Türk Dünyası görəcək. Kim bu məsələdə yanımızda olacaqsa, onlar da Qələbəmizin meyvəsindən dadacaqlar. Bütün bu proseslərin memarı isə qalib Azərbaycan və onun can qardaşı Türkiyədir.

Azərbaycan hazırda son 500 ilin ən vacib və tarixi dövründən keçir. Bəzilərimiz bu tarixi hadisələrin iştirakçıları, bəzilərimiz şahidləriyik. Son 5 əsrdə ilk dəfədir ki, itirdiyimiz əraziləri geri qaytara və dərhal da bərpasına başlaya bilirik. Kimsədən kömək və dəstək gözləmədən ərazilərimizi təmizləyir, qurur və yaradırıq. Qarabağa və Zəngəzura qayıdırıq. Ermənistanın 40 faizini ovcumuzun içində müşahidə altında saxlaya bilirik.
Ucuz separatizm – KARİKATURA

İlk dəfədir ki, bir zərbəsi ilə Ermənistanı və ona havadarlıq edən 3 nüvə dövlətini yerində oturdaraq bizi qalib xalq edən Silahlı Qüvvələrimiz və Ali Baş Komandanımız var.
İlk dəfədir ki, əsrin qalib dövlətiyik və Ermənistanı "fərarilər ölkəsinə", lağ obyektinə çevirmişik. Erməni dövlətini və onun dəstəklədiyi separatizmin dayaqlarını darmadağın etmişik. Ermənilərin tanınmış ictimai xadimləri özlərini bizdən çox təndiq və təhqir edirlər. Hazırda həbsdə yatan erməni generalların sayı gecələr evində yatanlardan daha çoxdur. Belə bir vəziyyətdə özümüz özümüzə qənim kəsilməli deyilik, imkan və resurslarımızı konkret hədəfə yönəltməliyik.

3-5 nəfərin bir qarın çörəyə görə qalib Azərbaycana, Ali Baş Komandana və Əsgərimizə çirkab atması xəyanətdən başqa bir şey deyil. Atası birinci Qarabağ müharibəsində şəhid olan bir qadının atasının qısasını alanlara düşmən kəsilməsini məntiqlə izah etmək çətindir. Normal insanın davranışı belə ola bilməz.

Bütün imkanlarımızı düşmənlə mübarizəyə sərf etməliyik. Bu halda daha çox nailiyyət əldə edə bilərik. Anlayıram ki, tərbiyəsiz məmurlar var, korrupsiya və rüşvətə hələ də rast gəlirik. Amma razılaşaq ki, konkret faktlar mövcud olduğu halda buna qarşı dövlətimiz sərt addımlar atır. Fakt olmadan kimisə cəzalandırmaq doğru deyil axı. Odur ki, hər pisliyə qarşı birgə mübarizə aparmalıyıq. Amma bu mübarizə də ədalətli olmalıdır, şəxsi qərəzlik xarakteri daşımalı deyil.

Bu Vətən bizimdir. Bir tikə çörəyi həmişə hər yerdə tapmaq mümkündür. İmkansızlar həmişə hər yerdə olub, amma bu ölkədə kimsə acından ölməyib. Qarabağ və Zəngəzur imkanlarımızı daha da artıracaq. Odur ki, 500 ildə əlimizə düşən tarixi şansı mütləq bu gün dəyərləndirməliyik. Sabah gec ola bilər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Əsas-məsələ  





Xəbər lenti