Əhali niyə bankanı bankdan üstün tutur – TƏHLİL
Bəs ümumən ölkədə vətəndaşların banklara qoyduğu əmanətlərin həcmi qənaətbəxşdırmi? Xeyr. Bu faktdır ki, vətəndaşlar sərbəst vəsaitlərini ən çox daşınmaz əmlaka yatırırlar. Bunun obyektiv səbəbləri var. Daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan depozitə baxanda risksiz xarakter daşıyır. Bank müflis olarsa, ora qoyulan əmanət bata bilər. Daşınmaz əmlaka qoyulan isə yox.
Doğrudur, ölkəmizdə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərir və son dövrdə bağlanan banklarda əhalinin əmanətlərinin batması hadisəsi baş verməyib. Lakin daşınmaz əmlaka yatırılan vəsait heç bir gəlir gətirməsə belə, ən azı yatırıldığı vaxtdakı dəyərini qoruyub saxlaya bilir. Çünki daşınmaz əmlak bazarında qiymətlər heç vaxt enmir. Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə bağlı banka qoyulan depozit həmişə risk altında sayılır. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir. Əmanətin həcmi 100 min manatadək ola bilər. Odur ki, banka qoyulan pul kütləsi və depozitin batma təhlükəsi olmasa da dəyərini itirmək və inflyasiyaya uğrama şansı hər zaman real sayılır. Buna dair heç bir sığorta imkanı və mexanizmi mövcud deyil.
Yeri gəlmişkən, bu ilin ilk 5 ayının yekununa görə ölkə üzrə ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirdiyi 12 milyard 400 milyon 700 min manatın 7 miyard 686 milyon 800 min manatı, yaxud 61,9%-i milli, 4 milyard 713 milyon 900 min manatı, yaxud 38,1 %-i isə xarici valyuta ilə təşkil edib.
Bu amilləri nəzərə alsaq, əhalinin sərbəst vəsaitlərinə nəyə görə ev, torpaq, obyekt almağı üstün tutması və alternativ kimi banklara yerləşdirməkdən yan qaçmaları izah ediləndir. Ancaq bir nüans var. O da bundan ibarətdir ki, əhalinin əksəriyyətinin daşınmaz əmlaka yatıracaq qədər sərbəst vəsaiti yoxdur və ola da bilməz. Vətəndaşlar daha çox banka yatıracaq qədər sərbəst vəsaitə sahibdirlər. Odur ki, banklar tərəfindən əhalinin inamını qazanmaq məqsədilə depozit cəlbini daim stimullaşdırmağa böyük ehtiyac var. Bunun üçün müvafiq addımlar atılmalı, banklar arasında rəqabət olmalıdır.
İkincisi, əhalinin dolanışıq səviyyəsi çətinləşib və bahalaşma, inflyasiya nəticəsində gəlirlərin əvvəlkitək sərbəst vəsaitlərin formalaşmasına şərait yaratması imkanı zəifləyib. Çünki istehlak xərcləri artıb, yığım imkanları daralıb.
Obyektiv səbəblər sırasında o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Qeyd etdiyim kimi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir və 100 min manata qədər vəsait yerləşdirmək mümkündür. Əmanətlərin Sığortalanması Fondu və banklar isə bu sahədə heç bir yenilik etmək niyyəti nümayiş etdirmirlər. Əmanətçilər üçün əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və bir də əmanətlər üzrə sığorta faiz dərəcəsidir. Odur ki, bu sahədə yeni mexanizm tədbiqi haqda fikirləşməyə dəyməzmi?!
Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün