Xalq ilə kütlənin fərqi - Vüsal Məmmədovun yazısı

      Xalq ilə kütlənin fərqi    - Vüsal Məmmədovun yazısı
  16 Avqust 2023    Oxunub:10612
Kütlənin xalqdan nə ilə fərqləndiyini görmək üçün gəlin, onu hallandıraq. Sözün qrammatik mənasında.
Dəyərli Rasim Balayevin “Mən niyə özümü həsr etməliyəm bu KÜTLƏYƏ?!” suallı nidasındakı “kütlə” sözü sosial şəbəkədə aqressiv müzakirələrə səbəb olub. Halbuki, onu qınamazdan öncə “xalq” və “kütlə” anlayışlarının arasındakı fərqi aydınlaşdırmaq lazımdır.

Bir konsert zalı təsəvvür edin. Səhnədə incəsənətin hansısa elitar növü nümayiş etdirilir – fərqi yoxdur, opera da ola bilər, muğam da, simfonik musiqi də… Qəfildən həyəcan siqnalı verilir və hamı durub çıxışa doğru qaçır. Bayaqkı kübar, mədəni, yüksək incəsənət xiridarı insanlardan əsər-əlamət qalmır. Onları zaldan tez çıxmaq üçün bir-birini tapdalamağa, əzməyə, dişləməyə hazır olan qızmış fərdlər əvəzləyir. Bu halları ilə heç də operadan, muğamdan, simfonik musiqidən zövq alan publikaya bənzəmirlər…
Nə baş verdi? Niyə insanlar bir anda belə dəyişdilər?!
O baş verdi ki, bayaq zalda xalq var idi, indi isə kütlə var.

Xalq – ortaq dəyərləri, oxşar mənəvi prinsipləri, mədəniyyəti, bənzər psixologiyası və mentaliteti, vahid keçmişi və birgə gələcəyi olan insanların sabit ideya və prinsiplərin əsasında qurulmuş birliyidir. Bu birlik dayanıqlıdır, əsrlərlə davam edir. “Biz Azərbaycan xalqıyıq” o deməkdir ki, bizi birləşdirən ümumi ideyalar, fikirlər, davranış modelləri, mental bənzərliklər var.

Kütlənin adı olmur. Yəni “Azərbaycan kütləsi” deyə bilməzsiniz. Kütlə hər yerdə eynidir və praktik olaraq həmişə eyni qanunlara tabedir. Onun bəlli mexanikası var. Londonda stadionda dava salan, Məkkədə həcc ziyarətində basa-bas yaradıb bir-birini ayaqlayan, Parisdə avtomobilləri yandıran, Vaşinqtonda Kapitoliyə soxulan, Azərbaycanda “Mirşahin” sözünü eşidən kimi Cəlal Əliyevə rəhmət oxuyan kütlə eyni qanunlara tabedir, eyni cürə işləyir.

Xalqdan fərqli olaraq,..
• …Kütlə:

- Dayanıqlı deyil, situativdir, sürətlə formalaşdığı kimi, qısa müddətdə də dağıla bilər. Məsələn, Rasim Balayevi linç edən kütlə bir müddətdən sonra olmayacaq. Amma xalq onu hər zaman sevəcək, əziz tutacaq. Xalq yekcəhətdir, sabitqədəmdir.

• …Kütlənin:
- Ümumi dəyərləri yoxdur, ortaq qısamüddətli maraqları var. Məsələn: “O yekəbaş “Fənər” azarkeşini döymək lazımdır”.
Bundan başqa, xalqın iradəsi və düşünmək qabiliyyəti var. Kütlənin bu keyfiyyətləri olmadığı üçün sadəcə, vaxtında qabağa çıxan/çıxarılan hər kəs - tutaq ki, Nemət Pənahlı,- onu idarə edə bilir. Amma Nemət Pənahlı Azərbaycan xalqını heç vaxt idarə edə bilməzdi axı.

• …Kütləyə:
- Nəyisə izah etmək, başa salmaq mümkün deyil. Onu ancaq mexaniki təsirlərlə dayandırmaq olar. Çünki… (Çıxışlıq hala bax)

• …Kütləni:
- Kənar təsir və manipulyasiya çox asanlıqla yönəldir. Məsələn, hansısa blogerin, aktivistin, populist siyasətçinin fikri xalqı idarə edə bilməz, amma kütləni edə bilər.

• …Kütlədə
- Düşünmək qabiliyyəti olmur. Kütlənin intellekti ən axmaq üzvünün intellekti səviyyəsindədir. Ağıllı adam kütləyə ya qoşulmur, ya da qoşulduğu müddətdə ağıllı adam deyil.

• …Kütlədən
- Müdrik, uzaqgörən, haqlı qərar gözləməyə dəyməz. Kütlə - emosiyalarla idarə olunan sosio-bioloji fenomendir. Onu toplaşanların beyinləri yox, hormonları idarə edir.

Kütlə - vaxtaşırı olaraq xalqın bir hissəsinin düşüb-çıxdığı ötəri, qısamüddətli vəziyyətdir. Əgər xalqın bir qismi ağılla, məntiqlə, ortaq dəyərlərlə yox, emosiyalarla hərəkət edirsə, bu, klassik kütlədir. Təəssüf ki, vücudunda humoral tənzimlənmə mexanizmləri olan heç kim ona qoşulmaqdan sığortalanmayıb. O cümlədən mən və siz də. Əsas odur ki, kütləyə qoşulanda bunun fərqinə vara bilək.

Kütlənin fiziki olaraq bir yerdə toplaşması vacib deyil. Eyni manipulyativ tezisin ətrafında da kütlə formalaşa bilər. Ona görə də sosial şəbəkə trendlərində biz adətən xalq yox, məhz kütlə görürük. Və təəccüblənirik ki, “Azərbaycan xalqı nə zaman belə oldu? Axı belə deyildi…”
Bəli, deyildi, deyil və ümid edirəm, heç vaxt da olmayacaq. Bu, kütlədir, mənim balam. Kütlənin isə mənsubiyyəti olmur. O, elə hər yerdə kütlədir. Hətta Afrikada da.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru


Teqlər: Kütlə   Xalq  





Xəbər lenti