NASA 52 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərdi

NASA 52 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərdi
  08 Yanvar 2024    Oxunub:1680
NASA 52 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib.

“Peregrine-1” adlanan missiya 1972-ci ildə “Apollon-17”dən sonra Ay səthinə yollanan ilk ABŞ kosmik gəmisidir. Gəmi planlaşdırıldığı şəkildə kosmosa buraxılıb, onun ikinci dərəcəli raket daşıyıcısı isə buraxılışdan 15 dəqiqə sonra orbitə çatıb və gəmini kosmosun daha dərinliyinə aparıb. Gəminin fevralın 23-də Ay səthinə enməsi nəzərdə tutulur.

Ümid edilir ki, Ay Marsa və ya hətta ondan kənara nəzərdə tutulan missiyalar üçün tramplin ola bilər.

NASA-nın gəminin göyərtəsində kosmosa göndərdiyi elmi alətlərdən birindən Ayın inanılmaz dərəcədə nazik atmosferini və su molekullarının hərəkətini öyrənmək üçün istifadə olunacaq.

Ay səthinə buraxılan kosmik gəmidə, həmçinin insan qalıqları və idman içkiləri də olub.

Gəminin göyərtəsində kosmosa yollanan insan qalıqları arasında “Star Trek” (“Ulduz yolu”) filminin yaradıcısı Cin Roddenberinin, onun həyat yoldaşı və oğlunun, həmçinin filmdə rol alan Nişel Nikolz, Ceyms Duhen və Deforest Kellinin qalıqları var.

Eyni zamanda Aya ABŞ-nin keçmiş prezidentləri Corc Vaşinqton, Duayt Eyzenhauer və Con Kennedinin DNT-ləri də göndərilib.

Ölkə vətəndaşları gəmidə insan qalıqları olan kapsullara görə NASA-dan uçuşu təxirə salmağı tələb etsələr də, uçuş baş tutub.

Göyərtədə, həmçinin 80 min uşağın mesajlarını və gələcək astronavtların Ay suyu ilə qarışdıra biləcəyi məhsulun toz halına salınmış tərkibini ehtiva edən “Pocari Sweat” enerji içkisinin bankası da olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti