"Ölüm xəbərlərimə çox güldüm" - Cavanşir Quliyev

   "Ölüm xəbərlərimə çox güldüm" -    Cavanşir Quliyev
  13 Mart 2024    Oxunub:1130
“Hazırda həkimlərin göstərişi və məsləhəti ilə evdə müalicə olunuram. Həkimdən soruşdum ki, əməliyyatdan sonra necə yaşamalıyam? Dedi ki, yavaş yaşa! Həyatda yavaş yaşayan insanlar da var, yavaş yaşamayanlar da. Mənim yadıma düşəndə yavaş yaşayıram. Həkimin tövsiyəsi tez-tez yadımdan çıxır. Hələ ki, sənətlə, musiqi ilə məşğul ola bilmərəm”.
Bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

“Çox ağır üç əməliyyat keçirdim. Beynimə 4 yerdən qan sızmışdı. Şükür yaxşıyam, əl-ayağım işləyir. O da vaxtında müdaxilənin nəticəsidir. Bir çox xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi. Ölüm xəbərlərimə çox güldüm, əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Onun bir gün ölüm xəbəri yayılır. Bu xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az şişirtmisiniz (gülür). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki, bu hadisə baş verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə bilməzdi. Səhər saat 6-da huşumu itirib, yerə yıxıldım. Məni təcili xəstəxanaya, oradan da əməliyyat masasına apardılar” , - deyə bəstəkar bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti