Ankarada xalq rəssamı Arif Hüseynovun sərgisi baş tutub - FOTOLAR

Ankarada xalq rəssamı Arif Hüseynovun sərgisi baş tutub -    FOTOLAR
  16 Mart 2024    Oxunub:1423
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın xalq rəssamı, qrafika ustası Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisinə start verilib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, aprelin 22-dək davam edəcək sərgidə rəssamın Azərbaycanın qədim miniatür sənəti ənənələrinə aid 25 əsəri nümayiş olunur.

Arif Hüseynovun 80 illiyi ilə əlaqədar keçirilən tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Dərnəyi (SAKÜDER) tərəfindən təşkil edilib.

Rəssam bildirib ki, onun əsərləri indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

A.Hüseynov qardaş Türkiyədə də əsərlərinə maraq yaranacağına ümid etdiyini bildirib:

“80 illik yubileyimlə əlaqədar 4-cü sərgi keçirilir. 3-ü Bakıda olub. Sonuncunun Ankarada təşkil olunmasına qərar verildi. Qardaş ölkədə folklor nümunələrimizi nümayiş etdirmək mənim üçün çox xoş sürpriz oldu. Sevincliyəm və inanıram ki, bu əsərlərin türk dünyasına müsbət təsiri olacaq”.

Musiqili tədbirdə sərgi iştirakçılarına Novruz atributu olan səməni və Azərbaycan şirniyyatları da nümayiş edilib.

AzVision.az

Qalereya




Teqlər: rəsm   rəssam   sərgi   Türkiyə  





Xəbər lenti