Saxta “Domestos”, “Fairy” və şampunlar istehsal sexi tapıldı

   Saxta “Domestos”, “Fairy” və şampunlar istehsal sexi tapıldı
  19 Aprel 2024    Oxunub:1130
Bakının Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən bildirilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Ülvi Sarif oğlu Əliyevə məxsus olduğu təsbit edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal obyektində 6 600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar, 2 630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici, habelə 31 700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.

Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29 500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1 100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1 900 litr araq xammalı, 3 700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.

İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.

Qeyd olunub ki, aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti