"Elə bil ki, nənəmin oynaşını görürəm" - Minsk qrupu haqda şeir

 "Elə bil ki, nənəmin oynaşını görürəm" -  Minsk qrupu haqda şeir
  15 May 2024    Oxunub:1057
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsi məsələsi yenidən gündəmdədir.
Artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb və Minsk qrupunun regionda fəaliyyətinə gərək yoxdur.

Belə bir məqamda yazıçı Seyran Səxavətin hələ 2012-ci ildə Minsk qrupunun yarıtmazlığından bəhs edən və onu fəaliyyətini dayandırmağa çağıran şeiri yada düşür.

Yazıçı AzVision.az -a açıqlamasında bildirib ki, şeiri 2012-ci ildə yazıb və ilk dəfə "525" - ci qəzetdə çap etdirib.

“ATƏT-in Minsk qrupunun nümayəndələri hər dəfə Azərbayacana gəlib yeyib-içib gedirdilər. Ortalıqda isə bir şey yox idi. Bu da mənə çox toxunurdu. Ona görə də “Ay siyasi qriplər ...” xitablı şeir yazdım. Onların fəaliyyətindən ən çox şikayət edən Ziyafət Əsgərov idi. Şeiri ona həsr etmişdim. Ancaq siyasətçilərdən heç biri reaksiya vermədilər”.

Yazıçı “ATƏT-in Minsk qrupu ləğv olunarsa, yeni bir şeir yazacaqsınızmı?” sualına belə cavab verib:

“ATƏT ona layiq deyil. Yazdığım bu şeir onun gedişinə də bəs edər. O vaxtlar irişə-irişə Xarici İşlər Nazirliyinin qarşısında görünürdülər. Saymazyana hərəkətlər edirdilər. Hər onları görəndə 3-4 kilo arıqlayırdım. Sınıxırdım”.

ATƏT-in Minsk qrupu
Mənə elə gəlir ki,
Onlardı muştuluğu
Təkəmseyrək sevincin, gen şərin də.
Yenə gülə-gülə
Düşdülər maşından
Xarici İşlər Nazirliyinin qənşərində.
Dişim kəsir dodağımı
Hər görəndə onları.
Hər müxbir öz tuşundan
Dürtüşdürür bu üçlüyə tərəf mikrofonları.
ATƏT-in Minsk qrupu,
ATƏT-in Minsk qripi
Asqıra-asqıra gəzirlər dünyanı
Qarabağ eşqinə.
Nə deyəsən bunların
Bu bisəvat, bu dişsiz
iyirmi illik məşqinə.
Qapı da qalmayıb,
Hamısından çıxıblar,
Hamısından giriblər-
Bu siyasi qriplər.
Ortada fındıq
Biz də belə yandıq.
Hey dedilər gedirlər-gəlirlər
Bu siyasi əlillər.
Özü də hey gülürlər.
Onların tutduğu yol
Hara gedir, nə yoldu?
Onlar gülmür, irişir,
Nə bilim vallah,
Deyiblər irişmək də bir protokoldu
ATƏT-in Minsk qrupu
əvvəl güldü, sonra irişdi
Dedik yəqin bu da bir işdi.
Bu gün isə nə gülür, nə irişir,
Hırıldayır.
Fələk də bir az o tərəfdən
Saydığını sayır,
Bu da siyasətdə bir çayır.
Onların getdiyi yol hırtıldayır.
Yolun üstündəki kol hırtıldayır
Sağ hırtıldayır, sol hırtıldayır
Deyirik hər nədirsə
Sağdı, soldu, yoldu, koldu
Yəqin bu da bir protokoldu
Yayın cırhacırında elə bil şaxtadı, sazaqdı.
Sülhə gedən yol budursa
Eh! nə yaman uzaqdı
Nə alın açıq, nə də üz ağdı...
Ey! Minski qrupu
Könlüm qubar-qubardı,
Səbrim qabar-qabardı.
Könlümdəki qubarın
Səbrimdəki qabarın
Tumurcuğu saraldı.
Sənə kim deyibdi ki
Azərbaycan xalqının
Səbri, səbir kasası
Neçə milyon bareldi
Niyə gözün bərəldi
Siyasi istedadın
Niyə belə çərəldi
Hər gün tezdən duranda
Gözlərimdə saralmış
Acını görürəm.
Özümü ölən görəndə
Sizi gülən görəndə
Elə bil ki, nənəmin
Oynaşını görürəm.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti