Tarixi gün: Rusiya sülhməramlıları Qarabağdan çıxır - YENİLƏNİB

      Tarixi gün:    Rusiya sülhməramlıları Qarabağdan çıxır  -  YENİLƏNİB
  15 May 2024    Oxunub:1398
Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.
Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib. Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.

Tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub:

"Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilib. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı".

Baş Qərargah rəisi Azərbaycan Respublikasının və Rusiya Fedarasiyasının dövlət başçıları arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən çıxarılan sülhməramlı kontingentin bütün heyətinə sülhün və sabitliyin rifahı naminə xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov isə vurğulayıb ki, üç il yarım əvvəl birgə səylər nəticəsində bölgədə gedən müharibəni dayandırmaq mümkün olub:

"Sülhməramlı kontingent dini əhəmiyyətli obyektlərə çıxışın təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edib, əhalinin normal həyat fəaliyyəti üçün şərait yaradılıb, infrastrukturunun bərpası ilə bağlı bir sıra işlər görülüb. 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900-dən artıq hərbçinin meyiti tapılaraq təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəf nöqtəsinə çatdığı üçün RSK-nın çıxarılması prosesinin başlanmasına dair birgə qərar qəbul etdilər. Rusiya hərbi qulluqçularının iştirakı, Azərbaycan torpağında aparılan hərbi əməliyyatların dayanadırılmasına və sabit sülhün bərqərar olmasına imkan yaratdı".

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

***

Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçirilir.

Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında əldə olunmuş razılığa əsasən, sülhməramlı kontingentin missiyasının vaxtından əvvəl başa çatmasına və Azərbaycan ərazini tərk etməsinə qərar verilib.

Onun sözlərinə görə, qərar veriləndən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib.

"Bugünkü tədbir də sülhməramlı kontingentin missiyasının başa çatması ilə əlaqədardır. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək".

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti