Ölkəmiz TÜRKSOY-a üzv ölkələrin iclasında təmsil olunub - FOTO

Ölkəmiz TÜRKSOY-a üzv ölkələrin iclasında təmsil olunub -    FOTO
  16 May 2024    Oxunub:1009
Türkmənistanın paytaxtı Aşqabad şəhərində TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası keçirilib.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən "Report"a verilən məlumata görə, tədbirin məqsədi Türk dövlətlərinin mədəniyyət, sənədli irs, elm və təhsil sahələrində əməkdaşlığını gücləndirmək məqsədilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaqdır.

Tədbirdə TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Monqolustanın UNESCO üzrə milli komissiyalarının rəhbər və nümayəndələri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edərək müvafiq sahələr üzrə təqdimatlarla çıxış ediblər.

Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli komissiyalarına sədrlik funksiyası Azərbaycandan Türkmənistana ötürülüb.

TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası 2023-cü ildə Bakı və Şuşa şəhərlərində keçirilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi - xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev tədbirdə çıxış edərək sədrliyin Türkmənistana ötürülməsini ifadə edən simvolik hədiyyəni - Azərbaycanın Zəfər simvolu olan Xarıbülbül hədiyyəsini türkmənistanlı həmkarı Çinar Rüstəmovaya təqdim edib. Seymur Fətəliyev çıxışında Milli Komissiyalara sədrlik dövründə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərdən və görülən işlərdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" sözlərini xatırladaraq Türk dövlətlərinin mədəni irs, təhsil, elm və digər aidiyyəti sahələr üzrə UNESCO çərçivəsində əməkdaşlıq üçün gözəl imkanlarının olduğunu vurğulayıb və birgə əməkdaşlıqla bağlı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təkliflərini səsləndirib.

Tədbirdə çıxış edən Türkmənistanın xarici işlər naziri, UNESCO üzrə Türkmənistan Milli Komissiyasının sədri Raşid Meredov ölkəsinin TÜRKSOY və UNESCO ilə əməkdaşlığının gücləndirilməsinə verdiyi əhəmiyyətdən, böyük türkmən şairi və filosofu Məxdimqulu Fraqinin 300 illik yubileyinin UNESCO çərçivəsində və milli səviyyədə qeyd olunması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışıb.

Tədbir daha sonra mədəni irs, qeyri-maddi mədəni irs, təhsil və elm sahələri üzrə təşkil olunan sessiyalarla öz işini davam etdirib. Ölkəmizi təmsil edən ekspertlər tərəfindən müvafiq təqdimatlar edilib və əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılıb. Növbəti, 11-ci iclasın Qazaxıstanın Astana və Aktau şəhərlərində keçirilməsi təklif edilib. Sonda milli komissiyaların rəhbərləri Türk dünyasının mədəniyyət və incəsənətinə verdikləri töhfələrə görə TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təşkilatın medal və plaketləri ilə təltif edilib.

Qeyd olunan iclasla yanaşı, tədbir iştirakçılarının 17-18 may tarixlərində Aşqabadda və Türk dünyasının 2024-cü il üzrə mədəniyyət paytaxtı elan edilmiş Anev şəhərində keçiriləcək görkəmli şair və filosof Məxdimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş Beynəlxalq Forum və digər mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.

AzVision.az


Teqlər: Azərbaycan   Türkmənistan   TÜRKSOY  





Xəbər lenti