Prezident Administrasiyası 25 siyasi partiyanı topladı - FOTOLAR

   Prezident Administrasiyası 25 siyasi partiyanı topladı -    FOTOLAR
  17 May 2024    Oxunub:1460
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.
Qeyd olunub ki, görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib.



Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.



Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.



Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.



Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.



Tədbirdə aşağıdakı siyasi partiyaların nümayəndələri iştirak ediblər:

Yeni Azərbaycan Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Ana Vətən Partiyası

Ədalət, Hüquq, Demokratiya Partiyası

Böyük Quruluş Partiyası

Demokratik İslahatlar Partiyası

Vəhdət Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Milli Cəbhə Partiyası

REAL Partiyası

Haqq Ədalət Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Xalq Partiyası

Böyük Azərbaycan Partiyası

Ədalət Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

AĞ Partiyası

Azad Vətən Partiyası

Müasir Müsavat Partiyası

Gələcək Azərbaycan Partiyası

Yeni Zaman Partiyası

Müsavat Partiyası.


AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti