Nairi Sarkisyan Paşinyan hökumətini ittiham edib

   Nairi Sarkisyan Paşinyan hökumətini    ittiham    edib
  15 Avqust 2024    Oxunub:1484
Bu yaxınlarda sensasion hesabatla çıxış edən Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan baş nazir Nikol Paşinyanın müstəqillik uğrunda hərəkatın başlaması ilə bağlı bəyanatlarının Ermənistan sənayesinin inkişaf etmədiyi ilə eyni dərəcədə qeyri-ciddi olduğunu vurğulayıb.
Ermənistanın “NEWS.am” agentliyinə verdiyi müsahibədə Nairi Sarkisyan qeyd edib ki, iş adamları yerli iqtisadiyyata investisiya qoymur, çünki burada həmin vəsaitin geri götürülməsi müddəti digər biznes növlərinə nisbətən daha uzundur. Ona görə də, erməni biznesi, ümumiyyətlə Ermənistanda sərmayə yatırmaq istəmir.

“Bu istiqamətdə investisiya artımı əlverişli mühit yarandıqda, xüsusilə də, investorlar aşağı kredit faizləri ilə sənaye sektoruna cəlb edildikdə baş verir. Amma müstəqil Ermənistanın tarixində heç vaxt, o cümlədən də sənaye sahəsi üçün əlverişli şərait yaradılmayıb”, - erməni məmur bildirib.

Bunu həm ticarət, həm də sənaye üçün təxminən eyni vergi dərəcələri sübut edir. Ermənistanda qazancdan ödənilən vergi dərəcəsi 18 faiz, ümumi gəlir vergisi isə 20 faiz təşkil edir.

- Məsələ bundadır ki, vergi ödəyərkən ödəyici nəticəni görməlidir. Amma sərhəd təhlükəsizliyini və dəqiq əminlik mühitini hiss etmirsə, ödədiyi vergilərə uyğun xidmətlər almadığı üçün o, özünü bunlardan məhrum hesab edir. Sənayeni inkişaf etdirmək üçün hətta ticarət sahəsinin hesabına belə vergi güzəştləri tətbiq etmək lazımdır”, - Ermənistanın Auditorlar Palatasının sədri deyib.

Onun fikrincə, kommersiya banklarında biznes- kreditlərin ticarət və sənaye üçün 12 faiz səviyyəsində müəyyən edilmiş eyni faiz dərəcəsi investorların motivasiyasını artırmır. Həmçinin, sənaye sektoru üçün kreditin alınması prosedurunun banklarda ticarət sektorundan daha mürəkkəb olduğu vəziyyət yolverilməzdir.

- Ermənistan hökuməti yerli sənayeni yalnız sözdə “inkişaf etdirir”. Əslində bununla bağlı heç bir iş görülmür”, - Nairi Sarkisyan gileylənib.

Bu kimi aşkar çatışmazlıqları nəzərə alan məmur dövləti sənaye sahəsində faizlərin ödənilməsi üçün subsidiya ayırmağa çağıraraq, son iki ildə ölkənin əldə etdiyi iqtisadi artımın Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanın Rusiya ilə Qərb arasında ticarətdə vasitəçiliyi sayəsində əldə olunduğunu Paşinyan hökumətinə xatırladıb.

Lakin Auditorlar Paltasının sədrinin sonrakı sözlərindən aydın olur ki, Ermənistan Nazirlər Kabinetinin yalanları təkcə ölkənin sənaye sektoru ilə məhdudlaşmır. Sarkisyanın hesablamalarına görə, Paşinyan hökuməti üçün qürur mənbəyi olan tikinti sektorunda hər şey çox şişirdilib və burada rəsmi statistika yüksək nailiyyətlərin “yağlı mənzərəsi”ni təbliğ edir.

Belə ki, tikinti sənayesindəki 82 faizlik artım birbaşa dövlət tərəfindən həyata keçirilən proqramların hesabınadır. Yəni tikinti sahəsində özəl sektorun rolu praktiki olaraq sıfıra endirilib. Ekspert Ermənistan hakimiyyətinə onsuz da böyüyən köpüyü şişirtməyə kömək edən bəzi hiylələrin də üstünü açıb.

“Bildiyiniz kimi, Ermənistan Tavuş vilayətinin ərazilərinin bir hissəsini orada çəkilmiş yollarla birlikdə Azərbaycana verməyə məcbur olub. Bunun müqabilində hökumət yeni magistral yol çəkir və onu “tikinti sektorunun sürətli inkişafı” kimi təqdim edir. Ermənistanın qeyri-qanuni işğal etdiyi bir sıra digər əraziləri də Azərbaycana qaytarmalı olacağını nəzərə alsaq, bu sənayenin gələcək “perspektivlərini” proqnozlaşdırmaq çətin deyil”, - erməni məmur Paşinyan hökumətinin fırıldaqlarını ifşa edib.

O, həmçinin dövlət sifarişlərini yerinə yetirən özəl podratçıların sayının 18% azalmasından təəccübləndiyini bildirib.

“Mən hökumətin bütün maliyyə yükünü niyə öz üzərinə götürdüyünü anlamaqda çətinlik çəkirəm. Digər ölkələrin təcrübəsi göstərir ki, hökumətlər, bir qayda olaraq, tikinti işlərinə əsasən özəl sektordakı təşkilatların daha çox cəlb edilməsində maraqlıdırlar”, - Auditorlar Palatasının sədri hökumətin bu sahədə siyasətini tənqid edib.

Təəssüf ki, bunun səbəbini Sarkisyan açıqlamayıb və yaxud da açıqlamaq istəməyib. Lakin o, Ermənistan vətəndaşlarının xaricdə daşınmaz əmlak almaqla öz vəsaitlərini sığortalamağa çalışdıqlarına və xaricə yatırılan mənzil investisiyaları sayəsində ölkədən əhəmiyyətli kapital axınına diqqət çəkib. Xaricdə mənzil almağa gücü çatan imkanlı ermənilərin nümunəsini indi onların imkansız həmvətənləri, sadəcə, izləyirlər. Amma həm birincilər, həm də ikincilər getdikcə daha çox, özü də birtərəfli biletlə Ermənistandan köçmək barədə düşünürlər.

Müsahibədə geniş statistik məlumatlara istinad edən Nairi Sarkisyan nəqliyyat və rabitə sahəsində göstəricilərin müvafiq olaraq 18 və 12 faiz aşağı düşdüyünü bildirib. O, həmçinin hazırda Ermənistan iqtisadiyyatında insan kapitalından cəmi 50, torpaq fondundan cəmi 30, su ehtiyatlarından isə cəmi 20% istifadə edildiyini və ölkədə 200 min işsiz vətəndaşın olduğunu diqqətə çatdırıb.

"Ukraynada müharibə bitəndə bizim aqibətimiz necə olacaq? O vaxta qədər təməl yaratmasaq, kim bilir, başımıza nə gələcək? – Ermənistanın Auditorlar Palatasının səfdri ritorik sualla həm hökumətə, həm də cəmiyyətə müraciət edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sarkisyan   Paşinyan   ittiham  





Xəbər lenti