Vaşinqtonda azərbaycanlılarla görüş keçirilib

Vaşinqtonda azərbaycanlılarla görüş keçirilib
  17 Avqust 2024    Oxunub:949
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Vaşinqtonda ABŞ-dakı Azərbaycan icması ilə görüş keçirib.
Görüşə paytaxt Vaşinqton və ətraf ştatlardan olan diaspor fəalları qatılıblar. Görüş Azərbaycan və ABŞ-ın Dövlət Himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Fuad Muradov komitənin son illər gördüyü genişmiqyaslı layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib. Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dakı icma hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub. O, dünyanın 17 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini bildirib və növbəti Azərbaycan Evinin ABŞ-da açılacağını diqqətə çatdırıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini və icmanın daha da güclü olması üçün DİDK-lə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova təşkilatın, eləcə də Koordinasiya Şurasının işi barədə məlumat verib, fəaliyyət dairələrinin daha da genişləndiyindən danışıb.

ABŞ-da yaşayan tanınmış həkim Şapur Ənsari çıxış edərək güclü Azərbaycanın diasporunun da gücləndiyini, yeni dövrün çağırışlarına hazır olduğunu, Vətən üçün daha çox iş görməyin vacibliyini vurğulayıb. Çıxışlarda həmçinin avqustun 1-dən 7-dək Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin dünya azərbaycanlılarının böyük rəğbəti ilə qarşılandığı qeyd olunub.

İcma ilə görüşdə fikir mübadiləsi və perspektivə dair müzakirələr aparılıb, komitənin və diasporumuzun gördüyü işlərə dair müxtəlif videoçarxlar da nümayiş olunub.

Sonda bir neçə icma üzvünə təltif olunduqları medallar təqdim edilib. Florida ştatında Azərbaycan - Amerika Mədəniyyət Assosiasiyası yanında Təhsil və Mədəniyyət Komitəsinin sədri, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano üzrə professoru Pərvin Muradovaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Amerika Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzova, ABŞ-dakı Azərbaycan icmasının fəal üzvü Rəna Abbasovaya, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi, diaspor fəalı Bədir Məmmədliyə “Diaspor fəaliyyətində xidmətə görə” medalları təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti