`QHT-lərin işinin asanlaşmasına çalışırıq`

`QHT-lərin işinin asanlaşmasına çalışırıq`
  11 İyul 2014    Oxunub:954
`Ötən il QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunlara vətəndaş cəmiyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına, mövcud boşluqların aradan qaldırılmasına xidmət edən müəyyən dəyişikliklər edilib`. Bu sözləri Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.

O, bildirib ki, Şuranın təşkilatçılığı ilə 31 yanvar 2014-cü ildə Ədliyyə Nazirliyinin, Milli Məclis üzvlərinin, beynəlxalq təşkilatların və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirələr keçirilib. Görüşdə bütün tərəflər mövqeyini ifadə etdilər və kifayət qədər konstruktiv müzakirələr aparılıb:

- Bu müzakirələrin nəticəsi olaraq Şuranın 10 fevral 2014-cü il iclasında qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin icrasına ictimai nəzarəti təmin etmək məqsədi ilə Hüquq və monitorinq komissiyasının yaradılması qərara alındı. Hüquq və monitorinq komissiyası həqiqətəndə ötən müddət ərzində istər Bakıda, istərsə də regionlarımızda qanunvericiliyin yeni tələblərindən irəli gələn məsələlərin QHT-lərə aydın şəkildə izah edilməsi, qarşıya çıxan məsələlərin öyrənilməsi və aradan qaldırılması baxımından effektiv fəaliyyət göstərib.

Bildiyimiz kimi, QHT qanunvericiliyinə edilən son dəyişikliklərdən irəli gələn məsələlərə dair bir çox vətəndaş cəmiyyəti qurumlarında, xüsusi ilə də region təşkilatlarında məlumatsızlıq mövcuddur. Məhz bu problemi həll etmək üçün komissiya üzvləri Gəncə və Qəbələ şəhərlərində ətraf 24 rayonu əhatə edən QHT-lər üçün məlumatlandırma sessiyası keçiriblər. Eyni zamanda komissiya Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə "QHT qanunvericiliyi sahəsində qanunvericilik təşəbbüsü" mövzusunda geniş dəyirmi masa keçirib. Ümumiyyətlə komissiya qısa müddət ərzində QHT qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı ciddi monitorinqlər aparıb, mövcud problemləri ətraflı təhlil edərək çox səmərəli fəaliyyət göstərib.

Bu sahədə qarşıya çıxan problemlər vətəndaş cəmiyyəti ilə dövlət arasında körpü rolu oynayan qurum olaraq Şuranın diqqət mərkəzindədir və hazırda mövcud rəy və təklifləri nəzərə alaraq QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün tərəfimizdən müvafiq iş aparılır.

- Səhf etmirəmsə, narahatlıqların biri də qrantların Ədliyyə Nazirliyində qeydə alınması ilə bağlı idi. Bu sahədə necə, hansısa problemlər varmı?

- Bildiyimiz kimi, qrantların Ədliyyə Nazirliyində qeydə alınması üçün QHT-lərdən müqavilələrin notarial qaydada təsdiqi tələb olunur. Bizə daxil olan məlumatlara görə, bəzən qeydiyyat üçün təqdim olunan qrant müqavilələrinin təsdiq olunması ilə bağlı müəyyən yubanmalara yol verilir. "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"na görə qrant müqaviləsi təqdim edildiyi vaxtdan 7 gün müddətinə qeydə alınmalı və müraciət edən şəxsə bu barədə bildiriş verilməlidir. Ancaq bildirişlərin verilməsi hələlik ilk təcrübə olduğu üçün bu işdə müəyyən problemlər yaranır. Şura olaraq bizə müraciətlər daxil olan kimi dərhal reaksiya veririk və indiyədək bir çox QHT-nin bu məsələ ilə bağlı probleminin aradan qaldırılmasına nail olmuşuq. Bəzi təşkilatların qrant müqaviləsinə görə bildirişlərin verilməsi ilə bağlı qarşılaşdıqları məsələlər üzərində isə çalışmalarımızı hazırda davam etdiririk.

Əlbəttə, bütün QHT-lər layihələrin effektiv, zamanında icrasını həyata keçirmək üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə tələb olunan hüquqi presudurları tez bir müddətdə həyata keçirmək imkanına malik olmalıdırlar. Biz Şura olaraq bu istiqamətdə də mövcud narahatlıqları bilirik və hazırda onların aradan qaldırılması üçün müəyyən təkliflər üzərində işləyirik.

- Bəzi QHT-lər mediada tədbirlərin təşkilində müəyyən problemlərlə üzləşdiklərini bildirirlər, bu sahədə mövcud olan narahatçılıqların aradan qaldırılması üçün hansı işlər görülür?

- Bir sıra qeyri-hökumət təşkilatları hansısa tədbirlərin keçirilməsi üçün bəzi toplantı mərkəzlərinin, hotellərin öncədən aralarında olan razılaşmanı pozduqlarını iddia edirlər. Əlbəttə, mən hesab edirəm ki, əgər qanunvericiliyə uyğun şəkildə hansısa bir qurum QHT ilə müqavilə imzalayaraq onun konfrans və ya digər bir toplantısının keçirilməsinə razılıq veribsə, buna sonadək əməl etməsi vacibdir. Hüququn aliliyi prinsipinin təminatı vətəndaş cəmiyyəti üçün ən mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Biz istər mediada əksini tapan, istərsə də ayrı-ayrı təşkilatlardan gələn müraciətlərin hamısına diqqətlə yanaşır və onları araşdırıraq həllinə yardımçı olmağa çalışırıq.

- Bu günlərdə bir qrup QHT Şura ilə görüşmək təşəbbüsü ilə çıxış edib. Buna münasibətiniz necə olacaq?

- Yuxarıda da qeyd etdiyim kimi, dövlətlə QHT-lər arasında körpü rolu oynayan, vətəndaş cəmiyyəti sahəsində dövlət siyasətini həyata keçirən aparıcı qurum olan Şura ictimai sektorun hərtərəfli inkişafı üçün Əsasnaməsində göstərilən müddəalar üzrə ardıcıl fəaliyyət göstərir. Sevindiricidir ki, bunu əksər QHT-lər özləri də etiraf edirlər. Şura yarandığı gündən siyasi baxışından, fəaliyyət istiqamətindən asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun şəkildə fəaliyyət göstərən QHT-lərə məlumat, maliyyə, konsultativ, metodiki, təşkilati-texniki dəstək göstərir. Hər zaman vətəndaş cəmiyyəti sahəsində ortaya çıxan məsələlərlə bağlı çevik və aydın mövqeyimizi ifadə edirik. Qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar yaranan məsələlərin müzakirəsi üçün də hər zaman istənilən QHT-nin mövqeyini dinləməyə, konstruktiv müzakirəyə və mövcud problemlərin həlli mexanizmlərinin tapılması üçün irəli sürülən rasional təklifləri nəzərə almağa hazırıq. Önəmlisi odur ki, ölkəmizdə bu problemlərin aradan qaldırılması üçün qətiyyətli dövlət siyasəti və fəal ictimai sektor var. Əminəm ki, bir müddət sonra biz haqqında bəhs etdiyimiz məsələlər üzrə artıq keçmiş zamanda danışacağıq. QHT-lərin fəaliyyətlərini daha asan şəkildə qura bilmələri, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çalışmalarını hər hansı problem olmadan davam etdirmələri üçün üzərimizə düşən zəruri işləri görürük və düşünürəm ki, yaxın zamanlarda bütün bu narahatlıqların aradan qaldırılmasına nail ola biləcəyik.



Teqlər:





Xəbər lenti