İsrailli nazirin bəyanatı Ər-Riyadı hiddətləndirib

   İsrailli nazirin bəyanatı Ər-Riyadı hiddətləndirib
  27 Avqust 2024    Oxunub:791
Səudiyyə Ərəbistanı Məbəd dağında sinaqoq tikilməsini təklif edən İsrailin sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qviri qınayıb.
“İsrail Details” qəzeti yazır ki, Səudiyyə Ərəbistanının Xarici İşlər nazirliyinin dərc etdiyi bəyanatda Ben-Qvirin adı çəkilmir, lakin o, “İsrail işğalçı hökumətində nazir” kimi təqdim olunur.

“Krallıq bu ekstremist və qızışdırıcı bəyanatları qəti şəkildə rədd etdiyini və bütün dünyada müsəlmanların hisslərinin davam edən təxribatına qarşı olduğunu bir daha bildirir. Krallıq Əl-Əqsa məscidindəki tarixi və hüquqi status-kvoya hörmət edilməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti qardaş Fələstin xalqının məruz qaldığı humanitar fəlakətin sona çatması üçün məsuliyyəti öz üzərinə götürməyə və münaqişənin həlli üçün ciddi mexanizmlər işə salmağa çağırır. İsrail rəsmiləri beynəlxalq qanunların, normaların və qətnamələrin davamlı şəkildə pozulmasına görə məsuliyyət daşıyırlar”, - bəyanatda deyilir.

Qeyd edək ki, bir gün əvvəl İtamar Ben-Qvir “Qaley ÇAXAL” radiosuna müsahibəsində Məbəd dağında sinaqoq tikəcəyini, onun siyasətinin Məbəd dağında namaz qılmağa icazə verdiyini və qanunun müsəlmanlarla yəhudilər arasında fərq qoymadığını bildirib.

Nazirin bu qəbildən olan bəyanatları Məbəd dağı ətrafındakı status-kvo ilə ziddiyyət təşkil edir. Belə ki, mövcud qaydalara əsasən, yəhudilər ora qalxa bilər, lakin onlara burada namaz qılmaq qadağandır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Səudiyyə   İsrail  





Xəbər lenti