Ermənistanda kəndlər sürətlə boşalır

   Ermənistanda kəndlər sürətlə boşalır
  28 Avqust 2024    Oxunub:952
Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının – Qeqarkunik (Göyçə), Tavuş və Sünik (Zəngəzur) rayonlarının sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

AzVision.az xəbər verir ki, Ermənistanın Statistika Komitəsinin məlumatına görə, son beş ildə bu ərazilər 40 minə yaxın insanı “itirib”. Bir çox kəndlər tamamilə boşalıb. Əhalinin bu ərazilərdən kütləvi axınının səbəbləri baş verənlərdən dərin məyusluq və gələcəyə dair qeyri-müəyyənlik hissi, habelə təhlükəsizlik narahatlığı və yığılmış sosial problemlərdir.

Gedənlər yaxınlarına etiraf edirlər ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib ki, bu da kütləvi köçə səbəb olub. Qalanlar isə insanların müharibədən sonra məyus olduqları üçün getdiklərini və ən zəruri şeylərin daimi çatışmazlığını bildirirlər.

Rəsmi statistikaya əsasən, 2019-cu ilin yayında Geqarkunikdə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məskunlaşmışdı. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib. Nəticədə regionun əhalisi 13 min nəfər azalıb.

Nairi Sarkisyan Paşinyan hökumətini ittiham edib
Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan baş nazir Paşinyan hökumətini ölkənin iqtisadi vinkişafı barədə saxta məlumatlar yaymaqda ittiham edib.

Geqarkunik hazırda Ermənistanın ən yoxsul rayonlarından biridir. Burada hər üç adamdan biri yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkə üzrə bu regionda ən yüksək səviyyədədir. Əhalinin demək olar ki, 5 faizi gündə 3 dollar xərcləməyə çətinlik çəkir. Hətta iş tapanlar belə ölkə miqyasında ən aşağı maaş alır.

“Gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri çox azdır, dövlət müəssisələri isə ümumiyyətlə yoxdur”, - Sevan rayonunun əhalisi mövcud vəziyyətdən şikayətlənir.


“Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ilə söhbətlərində Geqarkunik (Göyçə) sakinləri həyatın get-gedə daha da çətinləşməsindən, insanların yoxsullaşmasından, fəlakətli pul çatışmazlığından və ildən-ilə sağ qalmaq probleminin ağırlaşdığından şikayətlənirlər. Onların fikrincə, hökumət bu problemləri həll edə bilmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   kəndlər   köç  





Xəbər lenti