Bakıda keçirilən regional iqlim seminarı başa çatıb
FAO-nun iqlim riskləri üzrə mütəxəssisi Arianna Gialetti fermerlərin iqlim dəyişikliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məsələsinə toxunub. Mütəxəssis bildirib ki, iqlim dəyişiklikləri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir. Bunu əsas gətirən FAO rəsmisi hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı fermerlərin mütəmadi maarifləndirilməsi aqrar fəaliyyətə, son nəticədə məhsuldarlığa müsbət təsir göstərir.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının gender üzrə mütəxəssisi Marianna Bicchieri aqrar sahədə qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsinin, onların məşğulluq səviyyəsinin artırılmasının, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının vacib olduğunu diqqətə çatdırıb. O, gender bərabərliyinin qorunması, qadın fermerlərin və sahibkarların dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsinin mühüm olduğunu vurğulayıb.
FAO-nun Rəqəmsal kənd təsərrüfatı üzrə rəhbəri Daniela Digianantonio çıxışında aqrar sahədə rəqəmsallaşmanın əhəmiyyətinə toxunub. O, aqrar sahədə rəqəmsallaşdırmanı iqlim dəyişikliyinə dayanıqlığı və müqaviməti formalaşdıran ən mühüm amil adlandırıb. Qeyd edib ki, yeni texnologiyaların tətbiqi ilə fermerlər daha düzgün məlumat əldə edir və təbiət hadisələri ilə bağlı əvvəlcədən xəbərdar olurlar. Bu isə son nəticədə kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verir.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdir müavini Aynur Qurbanlı Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqindən danışıb. O, EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verdiyi üstünlüklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. Assosiasiya sədri fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı görülən işlər barədə təqdimatla çıxış edib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı COP29 öncəsi belə seminarların təşkilinin mühüm olduğunu diqqətə çatdırıb. AKİA rəsmisi qeyd edib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. O, FAO ilə birgə əməkdaşlığa, xüsusilə iqlim dəyişikliyi və rəqəmsallaşma ilə bağlı icra olunan layihələrin əhəmiyyətinə toxunub.
Tədbirin sonunda çıxış edən FAO-Azərbaycan Ofisinin rəhbərinin müavini Bariz Mehdiyev iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində çoxtərəfli müzakirələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. O, aktual mövzular ətrafında aktiv müzakirələrin aparıldığı bu seminarın aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
AzVision.az
Teqlər: