ABŞ vitse-prezidentliyinə namizədlərin mehriban debatı

 ABŞ vitse-prezidentliyinə namizədlərin  mehriban  debatı
  02 Oktyabr 2024    Oxunub:1184
Demokratlar və Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədlər Tim Uolts və Ceyms Di Vens arasında yeganə debat baş tutub. Onlar Yaxın Şərqdəki müharibəni, İsrail və İran arasında qarşılıqlı zərbələri müzakirə ediblər.
AzVision.az xəbər verir ki, namizədlər əvvəlcə ABŞ-dakı daxili problemləri, o cümlədən cənub-şərq ştatlarını vuran “Helen” qasırğasını müzakirə ediblər. Daha sonra Uolts və Vens Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı mövqelərini açıqlayıblar.

Respublikaçıların təmsilçisi İrana hücum edib-etməmək qərarının Təl-Əvivin ixtiyarında olduğunu bildirib.

“Bu, İsraildən, ölkəsinin təhlükəsizliyini təmin etmək üçün nəyin tələb olunduğunu düşünməsindən asılıdır. Harada olurlarsa olsunlar, biz müttəfiqlərimizi pis adamlarla mübarizə apararkən dəstəkləməliyik”, - Ceyms Vens vurğulayıb.

Onun rəqibi Tim Uolts isə, İsrailin İrana zərbə endirməsinə razı olub-olmayacağı ilə bağlı sualın cavabında Donald Trampı Vladimir Putinə tərəf döndüyünə və ABŞ-nin Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün 2015-ci il sazişindən çıxmasına görə tənqid edib.

- Donald Trampın savadsız rəhbərliyinə görə İran indi nüvə silahı hazırlamağa əvvəlkindən daha yaxındır”, - demokrat namizəd bildirib.

Lakin opponentinin fikri ilə razılaşmayan Vens prezidentliyi dövründə Trampın dünyanı “sabit və təhlükəsiz” etdiyini deyib. Onun iddiasına görə, Tramp “insanların sərhədi keçməkdən qorxduğu” effektiv bir qarşısı alınma sistemi yaratdı.

“ABŞ-nin müttəfiqləri Donald Trampın qeyri-sabit bir fiqur olduğunu başa düşürlər. O, daha çox yaltaqlananın yanına gedəcək”, - Uolts etiraz edib.

Vensin bir vaxtlar ölkəyə rəhbərlik etməyə yararsız saydığı Trampı “Amerikalı Hitler” adlandırdığını, eyni zamanda onun iqtisadi proqramını 2020-ci ildə uğursuz hesab etdiyini xatırladan aparıcı, ona maraqlı sual verib.

- Trampın mövqeyinə uyğunlaşmaq üçün bir çox baxışlarınızı dəyişdiniz. Niyə amerikalılar inanmalıdırlar ki, əgər vitse-prezident olsanız, Donald Trampa eşitmək istədiyi məsləhəti yox, eşitməsi lazım olan məsləhəti verəcəksiniz?”, - aparıcı soruşub.

Respublikaçı vitse-prezidentliyə namizəd məhz medianın yaydığı yalanlar səbəbindən əvvəllər Donald Trampı kəskin tənqid etdiyini bildirib.

- Mən həmişə çox açıq olmuşam və əlbəttə ki, bəzi məsələlərdə prezident Tramp ilə razılaşmırdım, lakin Trampla bağlı necə yanıldığım barədə də çox açıq danışmışam. Mən ilk növbədə vicdansız uydurma olduğu ortaya çıxan bəzi media materiallarına inandığım üçün səhv etdim”, - Ceyms Vens deyib.

Diiqəti 2021-ci il yanvarın 6-da baş verən iğtişaşlara yönəldən Tim Uolts, öz növbəsində deyib ki, qarşıdan gələn prezident seçkilərində respublikaçılar və demokratlar bütün fikir ixtilaflarını seçki məntəqələrində səsvermə yolu ilə həll etməli, sonra əl sıxaraq, qalib gələn tərəfin qələbəsini şübhə altına almamalıdırlar.

- Dörd ildən sonra da biz eyni vəziyyətdəyik. Düşünürəm ki, bu iş bitdikdən sonra əl sıxıb qələbəni qalibə saxlamalıyıq. Bu, bizim ölkəmizi parçalayır və buna son qoyulmalıdır”, - demokrat namizəd xəbərdarlıq edib.


Maraqlıdır ki, Ceyms Vens noyabrda keçiriləcək seçkilərdə Trampla birlikdə uduzacağı təqdirdə seçkilərin nəticələrinə etiraz etmək niyyətində olub-olmaması sualına cavab verməkdən yayınıb.

“Prezident Tramp 2020-ci ildə problemlərin olduğunu deyib və mən hesab edirəm ki, ictimai məkanda onlarla bağlı dinc şəkildə müzakirələr aparmaqla, biz bu məsələləri həll etməliyik”, - Vens vurğulayıb.

Debatda Ukrayna ilə bağlı suallar qaldırılmayıb. Eyni zamanda, ABŞ vitse-prezidentliyinə namizədlər müttəfiqlərin dəstəklənməsinin vacib olduğu barədə razılığa gəliblər.

Artıq namizəd yoldaşını “möhtəşəm” debata görə tərifləyən Donald Tramp özünün “Truth Social” şəbəkəsində “Əla iş, CD! Biz Amerikanı yenidən möhtəşəm edəcəyik!” ifadəsini yazıb. ABŞ-nin keçmiş prezidenti öz potensial vitse-prezidentinin rəqibini “darmadağın” etdiyinə əmindir.

- Uolts da, demək olar ki, Kamala kimi aşağı səviyyəli IQ-sü olan bir fəlakətdir. Bu iki adamın administrasiyası hakimiyyətə gəlsə, ölkəmiz heç vaxt özünə gəlməyəcək. Sərt xarici liderlərin yanında dayanaraq onların bizim maraqlarımızı təmsil etdiklərini təsəvvür edə bilirsiniz? Mən bunu təsəvvür edə bilmirəm”, - Tramp vurğulayıb.

Bayden administrasiyasına tənqidi mövqeyi ilə seçilən məşhur teleaparıcı-jurnalist Taker Karlson teledebatla bağlı açıqlamasında Respublikaçılar Partiyasının gələcəyinin Vensə məxsus olduğunu iddia edib.

“Bu debatdan ən bariz nəticə odur ki, Respublikaçılar Partiyasının gələcəyi Ceyms Devid Vensə məxsusdur. Gələcək belə görünür. Bu, partiyanın irəlilədiyi istiqamətdir. Demokrat Uolts debatın öhdəsindən gələ bilmədi və mümkün olduğu qədər zəif çıxış etdi. Ölkənin ən yüksək vəzifəsinə namizəd olan Kamala Harris bu axşamdan sonra seçki yarışında tərəfdaş roluna kimi seçməsindən peşmançılıq hissi keçirəcək”, - Karlson deyib.


ABŞ-nin “NBC News” telekanalı vitse-prezidentliyə namizədlərin teledebatının ümumilikdə kifayət qədər mehribanlıq şəraitində keçdiyini bildirib. Amma siyasətçilər bir-birinə hücum etməməyə çalışsalar da, prezidentliyə namizədləri tənqid ediblər.

“The New York Times” qəzeti hesab edir ki, debatın əvvəlində elə də inamlı görünməyən Uolts sonradan özünü düzəldib. Nəşrin jurnalistləri, hamının gözlədiyinə rəğmən, Vensin atəş püskürmədiyini, əksinə hətta nəzakətli olduğunu iddia edirlər.

Ümumilikdə isə, ABŞ mediası bu debatın seçkilərə təsir etməyəcəyini bildirib. Çünki vitse-prezidentliyə namizədləri adətən amerikalılar həlledici amil kimi qəbul etmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   vitse-prezidentlər   teledebat  





Xəbər lenti