Tramp ABŞ-nin ərazisini genişləndirmək ideyasını irəli sürüb

   Tramp ABŞ-nin ərazisini genişləndirmək ideyasını irəli sürüb
  10 Dekabr 2024    Oxunub:779
Ağ Ev administrasiyasının gələcək rəhbəri Donald Tramp Kanada və Meksikaya yeni ştatlar kimi ABŞ-nin tərkibinə daxil olmağı təklif edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin gələcək prezidenti “NBC” telekanalına müsahibəsində öz təklifini iqtisadi parametrlər prizmasından əsaslandırıb.

“Biz Kanadaya ildə 100 milyard dollardan çox subsidiya veririk. Biz Meksikaya 300 milyard dollara yaxın subsidiya veririk. Biz bunu etməməliyik. Biz bu ölkələrə niyə subsidiya veririk? Qoy subsidiya əvəzinə yeni ştatlara çevrilsinlər”, - Donald Tramp vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mənbələrə istinad edən “Fox News” Kanadanın baş naziri Castin Trüdo ilə görüşdə Trampın Kanada iqtisadiyyatı yeni tariflərə tab gətirə bilməsə, o zaman Amerikanın 51-ci ştatına çevrilməsinin daha yaxşı olduğunu dediyi barədə məlumat yaymışdı.

Mənbələrin dediyinə görə, ABŞ-nin gələcək prezidenti Trüdoya bildirib ki, Kanada böyük həcmdə narkotiklərin və qeyri-qanuni miqrantların sərhədi keçməsinə icazə verməklə qonşusunu “pis vəziyyətə salıb”. Tramp, habelə, öz hesablamalarına əsasən, iki ölkə arasında ticarət balansında 100 milyard dollardan çox kəsirin olduğunu xatırladıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Kanada   Meksika  





Xəbər lenti