Blinken ABŞ-nin Suriyadakı maraqlarını açıqlayıb
“ABŞ-nin indi Suriyada aydın və uzunmüddətli maraqları var. İŞİD-in uzun müddət ərzində törətdiyi ölüm və dağıntıları nəzərə alsaq, biz onun yenidən meydana çıxmasının qarşısının alınmasında maraqlıyıq. Biz Suriyada qalan hər hansı kütləvi qırğın silahlarının və ya onun komponentlərinin yanlış əllərə düşməməsində çox maraqlıyıq. Suriyanın parçalanmasının, Suriyadan kütləvi köçün qarşısını almaq üçün mümkün olan hər şeyi etməkdə, habelə, təbii ki, terror və ekstremizmin ixracının qarşısını almaqda maraqlıyıq”, - Blinken Dövlət departamentində keçirilən tədbirdə iddia edib.
Qeyd edək ki, iki gün əvvəl Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ terroçu təşkilatın ölkədəki qeyri-sabitlikdən istifadə etməsinin qarşısını almaq üçün İŞİD-in Suriyadakı hədəflərinə 70-dən çox hava zərbəsi endirib.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə əlaqə yaratdığını da açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az