Blinken: “Putini nüvə zərbəsi endirmək fikrindən daşındırıblar”

      Blinken:    “Putini nüvə zərbəsi endirmək fikrindən daşındırıblar”
  04 Yanvar 2025    Oxunub:951
Rusiya ciddi şəkildə Ukraynada nüvə silahından istifadə etməyi düşünürdü, lakin Çin onu bundan çəkindirib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken “Financial Times” nəşrinə müsahibəsində Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinin, görünür” nüvə variantını nəzərdən keçirməsindən “çox narahat olduğunu” bildirib.

“Söhbət nüvə silahından gedəndə, əgər ehtimal hətta 5 faizdən 15 faizə artsa belə, bundan ciddi heç nə yoxdur. Çinin Rusiyanı cəlb etdiyinə və “bunu etmə” dediyinə inanmağa əsasımız var. Oxşar dinamika ABŞ-nin Çinə Putinin kosmosa nüvə silahı buraxmağı planlaşdırdığını dedikdə də ola bilər”, - Blinken iddia edib.

Onun fikrincə, Putin strateji məğlubiyyətə uğrayıb və NATO həmişəkindən daha böyük və daha yaxşı resurslarla təmin olunub. Bayden administrasiyasının Ukraynaya silah verməkdə astagəlliyi ilə bağlı iradları rədd edən Blinken bildirib ki, bu, Ukraynanın həmin sistemləri saxlamaq qabiliyyəti kimi bir sıra amilləri nəzərə almalı idi.

Qeyd edək ki, son illər ABŞ başda olmaqla Qərb ölkələrinin liderləri və yüksək vəzifəli məmurları əslində öz təxəyyüllərinin məhsulu olan “şübhə”lərini həqiqət kimi qələmə verməyə çalışırlar. ABŞ-nin İraqa hərbi müdaxiləsinin məhz bu cür açıq-aşkar yalan ittihamlara əsaslandığı bu gün bütün dünyaya məlumdur. Bununla belə, Vaşinqton və onun əlaltıları öz cinayətkar əməllərinə görə nəinki heç olmasa üzr istəmək fikrində deyillər, hətta “ağ yalan” siyasətinin miqyasını daha da gücləndirirlər.

Bu baxımdan, ABŞ tarixinə ən zəif və qeyri-peşəkar Dövlət katibi kimi düşən Antoni Blinkenin Putinin guya Ukraynaya nüvə zərbəsi endirmək fikrində olduğu və Çinin onu fikirdən daşındırdığı barədə iddiaları ən yaxşı halda azyaşlı uşaqları cinlə qorxutmaq üçün danışılan nağıla bənzəyir. Yeri gəlmişkən, artıq “axsaq ördəyə” çevrilmiş Blinken indiyədək insanlığa qarşı nüvə silahını yalnız ABŞ-nin işlətidiyini nədənsə dilinə gətirmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Blinken   Rusiya   Ukrayna   Çin  





Xəbər lenti