Tunis, Liviya və Əlcəzair liderlərinin sammiti keçiriləcək

Tunis, Liviya və Əlcəzair liderlərinin sammiti keçiriləcək
  04 Yanvar 2025    Oxunub:748
Yanvar ayının əvvəllərində Liviyanın paytaxtı Tripolidə Liviya, Tunis və Əlcəzair dövlət başçılarının üçüncü zirvə toplantısı keçiriləcək. Artıq bunun üçün hazırlıqlara başlanıb.
AzVision.az Liviya Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, ölkəsinin üçtərəfli məsləhətləşmə mexanizminin yaradılması təklifi Liviya və Tunis tərəfindən qəbul olunub və bu çərçivədə görüşlər keçirilib. Bu görüşlər çərçivəsində adıçəkilən ölkələrin birbaşa maraqlarına aid problemlərin həlli üçün real əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Əlcəzair, Tunis və Liviya liderləri qaz ixrac edən ölkələrin forumu çərçivəsində Əlcəzairdə ötən ilin fevral ayında keçirilən ilk sammit zamanı hər üç aydan bir üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər. İkinci üçtərəfli görüş aprel ayında Tunisdə baş tutub. Görüşdə Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi, Əlcəzair Prezidenti Əbdülməcid Təbbun və Tunis Prezidenti Qeys Səid regional təhlükəsizlik və sabitlik mövzularını, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, sərbəst ticarət zonalarının yaradılması, ticarət mübadiləsinin artırılması məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin üç ölkə arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin icrasını sürətləndirmək qərara alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti