Respublika Pediatriya Mərkəzi Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının uzman pediatrı
Aysel Qədimova AzVision.az -a bildirib ki, hazırda qış mövsümündə olduğumuz üçün uşaqlar arasında yuxarı tənəffüs yollarının virus infeksiyaları artıb.
"Xəstəlik yüksək hərarət, baş-boğaz ağrısı, burun axması, öskürək kimi şikayətlərlə başlayır. Vaxtında lazımı tədbir görülərsə, uşaqlar 3-5 gün ərzində sağalırlar. Əks halda otit, sinuzit, pnevmoniya kimi ağırlaşmalarla qarşılaşa bilərik. Hərarət yüksəkliyi 3 gündən artıq davam edərsə, şiddətli baş ağrısı, qusma, kəskin qarın ağrısı, maye və qidadan imtina kimi hallar varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Ümumiyyətlə, tövsiyə edirik ki, valideynlər uşaqları C vitamini ilə zəngin meyvə-tərəvəzlərlə qidalandırsınlar, yuxu rejiminə nəzarət etsinlər. Uşaqların əllərini tez-tez sabunlu su ilə yusunlar və vaxtaşırı peyvəndləməni icra etsinlər", - deyə həkim qeyd edib.
Həmidə İbrahimova
AzVision.az