İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır?
“Digər məqamllarla yanaşı, əvvəlki rejimin açıq-aşkar anti-İsrail ideologiyası olan ekstremist Suriya hökuməti ilə əvəzlənəcəyi bir vəziyyət yarana bilər. Belə bir ssenari İsraillə yaxınlığına və Suriyadakı strateji güc mərkəzlərinə nəzarət etdiyinə görə İran təhdidindən daha təhlükəli ola bilər”, - hesabatda deyilir.
Komissiyanın fikrincə, Türkiyəyönlü Suriya qüvvələrinin İordaniya sərhədində olması İordaniya hakimiyyətini sarsıda və İsraili ən uzun sərhədində böhranla üzləşməyə məcbur edə bilər.
Qeyd edək ki, Türkiyənin ifrat sağçı Milli Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bir müddət əvvəl Dəməşqin “Qüdsdən əvvəl ilk dayanacaq” olduğunu bildirib.
- Tarix bizə deyir ki, Qüdsdən əvvəl ilk dayanacaq Dəməşqdir. Əgər Dəməşq azad edilərsə, Qüdsün də azad edilməsi uzaqda deyil”, - Baxçalı vurğulayıb.
Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti isə Ankara-Təl-Əviv arasında toqquşma ehtimalını təhlil edərək, Suriyanın şimalında status-kvonu və kürd qüvvələrinin mövqelərini qorumaq üçün İsrailin “Dəməşqi işğal etmək” ssenarisinə gedə biləcəyini yazıb.
“Suriyada hakimiyyətin dəyişdirilməsi və Türkiyənin yüksək keyfiyyətli yeni Suriya administrasiyasının formalaşdırılmasına nail olmaq və ölkənin ərazi bütövlüyünü qorumaq cəhdlərində fəal iştirak etməsi İsrailin planlarını pozub. İsrailin maraqları Fərat çayından şərqdə kürd terror qruplaşmalarının fəaliyyət göstərdiyi ərazidədir. Türkiyənin PKK və onunla əlaqəli YPG təhlükəsini aradan qaldırmaq üçün hazırkı səyləri İsrailin maraqlarına ziddir”, - nəşr vurğulayır.
Qəzet yazır ki, İsrail Türkiyənin diqqətini onlardan yayındıraraq, PKK və YPG-yə manevr imkanı yaratmaq üçün Dəməşqi işğal edə bilər. Bu, öz növbəsində, bir sıra dövlətlərin Türkiyənin cənub sərhədlərində İrandan Aralıq dənizinə qədər terror zolağı yaratmaq uzunmüddətli planlarının bir hissəsidir ki, burada da ABŞ və bir sıra Avropa ölkələri üçün platsdarm olacaq.
Hazırda isə, Dəməşqdə hakimiyyət dəyişikliyi və Suriyanın ərazi bütövlüyünün möhkəmləndirilməsi perspektivləri səbəbindən bu planlar böyük təhlükə altındadır. Üstəlik, Türkiyə onları hələlik pozub.
- Dəməşqin yeni rəhbərliyi Suriyada həqiqi birliyə nail ola bilsə, bütün diqqət Fələstin məsələsinə və Qüdsə yönələcək. Buna görə də İsrail Suriyada ağlasığmaz addımlar ata bilər”, - qəzet yazır.
Nəşrin fikrincə, İran bu ölkədə mövcud hakimiyyət dəyişikliyi zamanı Tehranın maraqlarına dəymiş ziyanı nəzərə alaraq, Suriyada xaosun yaradılmasını dəstəkləyə bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsrail Türkiyə müharibə