Pentaqon Ukraynaya yardım planını açıqlayıb
“Bu koalisiyaların liderləri kontakt qrupu çərçivəsində Ukraynanın 2027-ci ilə qədər hava qüvvələri, zirehli texnika, artilleriya, minalardan təmizləmə, pilotsuz təyyarələr, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi sahəsində ehtiyac və məqsədlərini formalaşdıracaq yol xəritələrini təsdiq etməli olacaq”, - Pentaqonun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Vaşinqton bu yol xəritələrinin Kiyevə donorların dəstəyini planlaşdırmağa imkan verəcəyinə ümidlidir. Pentaqon onu da bildirib ki, təmas qrupunun sabah ABŞ-nin hazırkı Müdafiə naziri Lloyd Ostin üçün sonuncu olacaq iclası keçiriləcək. Eyni zamanda, Pentaqon hakimiyyət dəyişikliyindən və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra Kiyevin ehtiyaclarını ödəmək üçün təmas qrupunun işinin dayandırılmayacağına ümid etdiyini açqılayıb.
Ukraynanın müdafiəsi üzrə təmas qrupunun rəhbərlərinin görüşü sabah ABŞ-nin Almaniyadakı Ramştayn aviabazasında keçiriləcək. Görüşdə Ukraynanın Müdafiə naziri Rustem Umerov da iştirak edəcək.
“Weapons and Strategy” portalının iddiasına görə, Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əks-hücumunu nümayiş etdirməklə Ramştayn hərbi bazasında təmas qrupunun görüşünə hazırlaşır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Pentaqon Ukrayna yardım