BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
Bəyanatda deyilir ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir.
Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı ona çatıb.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır.
AzVision.az
Teqlər: