Gələcəyə açılan pəncərə: Şüşələr elektrik hasil edəcək
Utrext Universitetinin professoru Vilfrida van Sarka “Advanced Science News”a deyib ki, bu qurğular lüminoforların hopdurulduğu nazik şəffaf lövhələrdən ibarət olurlar. Lüminoforlar – günəş işığını udub, sonra daha uzun dalğalar şəklində şüalandıran xüsusi molekullar və ya nanohissələrdir. Uzunluğu dəyişən işıq dalğaları xüsusi ötürücünün vasitəsilə günəş elementlərinə ötürülərək, elektrik enerjisinə çevrilir.
Problem ondadır ki, hazırda lüminoforların effektivliyi aşağıdır: onlar günəş enerjisinin 1%-ni elektrikə çevirə bilirlər. Halbuki, ənənəvi günəş panellərində bu göstərici 20%-dir.
Vilfrida van Sarka bu gün məlum olan 92 lüminofor ilə təcrübə aparandan sonra belə qərara gəlib ki, yaxın gələcəkdə onların faydalı iş əmsalını 10%-ə qədər qaldırmaq mümkün olacaq.
Effektivlik az olsa belə, lüminofor örtükləri on minlərlə binanın fasadına inteqrasiya edəndə kifayət qədər elektrik enerjisi generasiya edə biləcəklər.
“Advanced Science News” vurğulayır ki, hazırda Çində və Britaniyada da pəncərə şüşələrinin energetika sisteminə inteqrasiya edilməsi istiqamətində maraqlı təcrübələr aparılır.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Elm Texnologiya Lüminofor