Londonda yaşayan azərbaycanlı ailə musiqi məktəbi açıb

Londonda yaşayan azərbaycanlı ailə musiqi məktəbi açıb
  17 Mart 2025    Oxunub:674
Londonda yaşayan azərbaycanlı musiqiçilər Rasim Fərziyev və Səadət Fərziyeva Londonun Enfield bölgəsində yeni musiqi məktəbi açıb.
Təntənəli açılış mərasimində Enfieldin meri Mohammad İslam, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, həmçinin Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mer Mohammad İslam yeni məktəbin açılışı münasibətilə ailəni təbrik edərək, belə təşəbbüslərin icmaya və yerli iqtisadiyyata müsbət təsir göstərdiyini vurğulayıb. O, kiçik bizneslərin inkişafının bölgənin mədəni və iqtisadi həyatına dinamika qatdığını qeyd edib və məktəbə uğurlar arzulayıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, azərbaycanlı musiqiçilərin Böyük Britaniyada belə bir təşəbbüslə çıxış etməsi ölkəmizin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından əhəmiyyətlidir. O, məktəbin Azərbaycan və Britaniya arasında mədəni körpü rolunu oynayacağını vurğulayıb.

Tədbirdə çıxış edən Rasim Fərziyev və Səadət Fərziyeva bu layihəni uzun illərdir reallaşdırmaq istədiklərini qeyd ediblər. “Biz musiqinin təkcə sənət deyil, eyni zamanda insanları birləşdirən universal bir dil olduğuna inanırıq. Bu məktəbin həm yerli icmaya, həm də azərbaycanlı ailələrə fayda verməsini istəyirik”, – deyə, onlar vurğulayıblar.

Yeni musiqi məktəbi müxtəlif yaş qrupları üçün nəzərdə tutulub və burada fortepiano, skripka, vokal və digər dərslər tədris olunacaq. Məktəbin əsas məqsədi gənc istedadları üzə çıxarmaq və onları peşəkar musiqi təhsili ilə təmin etməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti