FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO

   FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib    - FOTO
  22 Mart 2025    Oxunub:770
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstana maddi-texniki yardım göndərib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan FHN tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir. Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

Bununla bağlı, açıqlama verən Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Bakının bu addımını xalqlarımız arasında bağların getdikcə möhkəmləndiyini və gələcəkdə daha da güclənəcəyini sübut edən əsas göstərici kimi qiymətləndirərək, yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib.


“Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olaraq, Azərbaycan Respublikasının rəhbərliyinə, xüsusilə Prezident İlham Heydər oğlu Əliyevə, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına Qırğızıstana növbəti dəfə göndərilən bu humanitar yardım üçün dərin minnətdarlığımı bildirirəm. Bu, liderlərimiz, prezidentlərimiz tərəfindən müəyyən olunmuş siyasi kursun zəmanəti olmaqla yanaşı, həm də gələcəkdə Türk qardaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir. Ölkəmizdə yaz fəsli başladığı üçün adətən yanğınlar bu fəsildə daha çox qeydə alınır. Ona görə də yardımın xüsusilə belə bir məqamda göndərilməsi çox vacib xarakter daşıyır”, - səfir vurğulayıb.

AzVision.az



Teqlər: Azərbaycan   Qırğızıstan   səfir  





Xəbər lenti