Gədəbəydə qar uçqunu nəticəsində həlak olan əsgər Əli İmanov dəfn edilib

   Gədəbəydə qar uçqunu nəticəsində həlak olan əsgər Əli İmanov dəfn edilib
  22 Mart 2025    Oxunub:924
Qar uçqunu nəticəsində itkin düşərək həlak olan və ötən gün nəşi aşkarlanan müddətli həqiqi hərbi xidmət qulluqçusu İmanov Əli Tariyel oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.
AzVision.az xəbər verir ki, Əli İmanovun nəşi Sabirabadda izdihamla qarşılanıb və doğulub boya başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib, vida mərasimi olub. Cənazə namazı qılındıqdan sonra onun nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

İmanov Əlinin nəşi kənd məzarlığında torpağa tapşırılıb. Əli İmanovun tabutuna bükülən Bayraq onun qardaşına təqdim olunub.

Qeyd edək ki, İmanov Əli Tariyel oğlu 2006-cı il aprelin 2-də Sabirabad rayonu Muğan Gəncəli kəndində dünyaya göz açıb. 2024-ci il aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Martın 19-da əsgər İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Ruslan Rüstəm oğlu Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçquu nəticəsində itkin düşüblər. Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyi və Fövqaladə Hallar Nazirliyinin birgə məlumatına əsasən Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

AzVision.az


Teqlər: İmanov   Sabirabad   dəfn  





Xəbər lenti