Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinə çatdırıb.
Prezident Luonq Kuonq dövlətimizin başçısına salamlarına görə minnətdarlığını bildirib, onların da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilərək, SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib. Müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib. Xüsusilə, 2014-cü ildə dövlət başçısının Vyetnama gerçəkləşdirdiyi dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Ali Xalq Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib. O, Vyetnam xalqının çətin dövrlərdə Azərbaycan xalqı tərəfindən göstərilən dəstəyi daim yüksək qiymətləndirdiyini və heç vaxt unutmayacağını vurğulayaraq, 2023-cü ildə Vyetnamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin və Vyetnama tarixi səfərinin 40 illiyinin, həmçinin Ho Şi Minin ölkəmizə səfərinin 65 illiyinin qeyd edildiyini bildirib.
Baş prokuror Kamran Əliyev səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, xüsusilə də prokurorluq sistemində həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. Baş prokuror bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
Nümayəndə heyəti ölkəmizin Hanoydakı səfirliyinə gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub. Kamran Əliyev səfirliyin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri davam edir.
AzVision.az