DTX-də Ulu Öndərin 102 illiyi qeyd olunub

DTX-də Ulu Öndərin 102 illiyi qeyd olunub
  09 May 2025    Oxunub:495
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AzVision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.


Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən daim əsas götürüldüyünü qeyd edib.


General-polkovnik Əli Nağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılmış, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.


Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin də dövlətimizin başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə icra olunacağını deyib.

Sonra tədbir digər çıxışlarla davam edib, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti